Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Firuz Mustafanın ölkəmizin bir sıra teatrlarında oynanılmış “Neytral zona” əsəri Türkiyənin Trabzon şəhərində fəaliyyət göstərən “Sənət” teatrının repertuar planına daxil edilib.

Bu barədə məlumat verən yazıçı bildirib ki, teatrın baş rejissoru Necati Zengin ona məktubla müraciət edərək “Neytral zona” (“Tarafsız bölge”) əsərini oxuyub bəyəndiyini deyib və repertuara salındığını diqqətə çatdırıb. 

İndiyədək yazıçının 40-dan çox dram əsərinə ölkəmizin, habelə Türkiyə, Ukrayna və Rusiyanın müxtəlif teatrlarında müraciət olunub.

Bu günlərdə isə Firuz Mustafanın “Dəniz köçü” povesti “Asmaaltı” yayın evi tərəfindən “Dəniz karvanı” adı ilə Türkiyədə nəşr edilib. Əsəri türkcəyə Abdüqadir Özkan uyğunlaşdırıb. “Dəniz köçü” əsəri indiyəcən ingilis, fransız, rus, fars və özbək dillərinə tərcümə edilib.

Lalə