İyulun 13-də “Kekalove Adaptive” startapının təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə Agentliyinin dəstəyi və “JW Marriott Absheron” hotelinin ev sahibliyi ilə ölkəmizdə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyim kolleksiyasının təqdimatı keçirilib.
Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizaynlarını, adaptiv geyimləri nümayiş etdirməkdir. Kolleksiyanın müəllifi Azərbaycanın ilk peşəkar adaptiv geyim dizayneri Rəşidə Əliyevadır.
“Kekalove Adaptive”nin təsisçisi və icraçı direktoru Məhəmməd Kekalov qeyd edib ki, üçüncü dəfə keçirilən şou İnklüziya festivalının bir hissəsidir: “Sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasına dəstək vermək bizi sevindirir”, - deyə o bildirib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiya direktor vəzifəsini icra edən Anjelina Allen-Mpyisi deyib: “USAID Azərbaycanda da əlilliyi olan insanların cəmiyyətə inteqrasiya edilməsinə dəstək olmaq üçün Kekalova ilə əməkdaşlıq etməkdən qürur duyur. Əlilliyi olan şəxslər üçün inklüzivliyin təşviq edilməsi USAID-in qlobal prioritetidir. Qlobal müstəvidə əlil insanların cəmiyyətə inteqrasiyasını təşviq etmək vacib işlərdən biridir...”.
Tədbirdə əlilliyi olan modellərin iştirakı ilə 40 geyim dəsti nümayiş etdirilib.