Rəngkar Adil Hacıyevin sənət dünyası haqqında

 

Milli təsviri sənətimizin İkinci dünya savaşından sonrakı inkişaf mərhələsinin duyulası dərəcədə rəqabətli olduğu dövründə ixtisas təhsilini SSRİ-nin böyük şəhərlərində yox, Bakıdakı “Əzimzadə məktəbi”ndə alan gənc rəssamların paytaxtda yaşanın yaradıcı yarışmaya qatılmamaları zamanına görə təbii hesab olunurdu. 1950-ci ildə rəssamlıq məktəbini bitirəndən sonra yaradıcılığını doğma Neftçalada davam etdirməyə qərar verən Adil Hacıyev (1930-1991) həmin gənclərdən biri idi. Əslində, istedadına görə mərkəzi şəhərlərə üz tutan məzun-yaşıdları T.Salahov, A.Cəfərov, E.Şahtaxtinskaya, S.Şıxlı, M.Rzayeva, M.Qafarov, T.Nərimanbəyov və digərlərindən geri qalmayan, lakin ailə vəziyyətinə görə dədə-baba ocağına qayıtmalı olan Adil Hacıyev tez bir zamanda rəssamlar arasında mövcud olan paytaxt – əyalət ayrı-seçkiliyinin yoxluğunu tanınmış həmkarlarına sübut edəcəkdi.

Yuxarıda adlarını çəkdiyimiz məzun dostları SSRİ-nin nüfuzlu təhsil ocaqlarında oxuduqları vaxtlarda Adil Hacıyev Neftçaladakı orta məktəbdə və Pionerlər evində rəsm fənnini tədris etməkdə idi. Gününün çoxunu uşaqlarla təmasda keçirən gənc müəllim, müvəqqəti də olsa, fərdi yaradıcılıq işlərini kənara qoymuşdu. O vaxtlar Adil Hacıyevdən sənətin sirlərini öyrənən Sakit Məmmədov, Həsənağa Məmmədov, Təbriz Abdullayev, Fikrət İbrahimli, Nadir Bayrışov və digərlərinin bu gün sənət məkanında tanınmış yaradıcılar sırasında olmaları müəllimlərinin də mənəvi qazancıdır, desək, həqiqəti söyləmiş olarıq.

Yalnız paytaxtdakı internat məktəbində işə başlayandan sonra burada yaratdığı geniş emalatxana ona həm də çoxdan arzusunda olduğu yaradıcılıq işlərini də yoluna qoymağa imkan verdi. Bu təhsil ocağının çox tezliklə rəssamlıq təmayüllü internata çevrilməsi də bu məkana sənət həvəsli uşaqların marağının ildən-ilə artmasının nəticəsi idi. Başqa sözlə desək, bu emalatxanada o həm rəssamlıq peşəsinə həvəsi olan uşaqlarla məşğul olur, həm də təhsil sonrası rayonda apardığı müşahidələrinə bədii görkəm verirdi.

O, çox qısa müddətdə müxtəlif janrlarda əsərlər yaratsa da, nədənsə onları ictimailəşdirməyə tələsmirdi. Yalnız paytaxtdan onun görüşünə gəlmiş həmkarlarının təkidindən sonra Adil Hacıyev rəssam-müəllimlərin Bakıda təşkil olunmuş respublika sərgisində əsərlərini sənətsevərlərə təqdim etdi. Müqayisə üçün deyək ki, sərginin ekspozisiyasını təşkil edən 415 əsərdən 22-nin müəllifi əyaləti təmsil edən Adil Hacıyev idi. Bu çoxsaylı rəngkarlıq əsərlərinin leytmotivini Neftçala torpağı, onun əmək adamlarının və təbiətinin romantik vəsfi təşkil edirdi. Müəllifin “Muğan haqqında mahnı”, “Görüş”, “Əmək qəhrəmanı Qüdrət Səmədov”, “Ana”, “Balıqçılar”, “Pambıqçı qız”, “Arx kənarında” və s. lövhələrində vurğulanan mövzuların əksini görmək mümkün idi. Müəllifin həmin tabloların bədii həllində nümayiş etdirdiyi özünəməxsusluq isə, doğrudan da, fərdi və fərqli estetikaya malik olmaqla, gənc fırça ustasının yaradıcı “mən”ini təsdiqləyirdi.

Paytaxtda qazanılan ilk uğur onu sənətsevərlərlə yeni-yeni görüşlərə həvəsləndirdi. 1969-cu ildə qonşu Salyanda rəssamın ilk fərdi sərgisinin təşkil edilməsi bunun əyani göstəricisi oldu. Bu ümidverici başlanğıc onu zamanın axarında həm Azərbaycanda, həm də respublika sərhədlərindən uzaqlarda keçirilən müxtəlif miqyaslı sərgilərin daimi iştirakçısına çevirdi. Neftçala internat məktəbindəki “Adil Hacıyev studiyası” isə çox tezliklə bölgənin ən məşhur sənət ocağına çevrildi. Qənaətimizcə, onun adını zamansızlığa qovuşduran amillərdən biri də vaxtilə bu studiyada sənətin sirlərini öyrənən istedadlı uşaqların tezliklə milli təsviri sənət məkanında tanınmaları oldu. Beləcə, zaman həm də rəssamın uğurlu yaradıcı-pedaqoji fəaliyyətinin Neftçala çərçivəsinə sığmadığını təsdiqlədi. Onun ötən əsrin 80-ci illərində Bakıya işə dəvət olunması və S.Bəhlulzadə adına sərgi salonunun direktoru vəzifəsində fəaliyyətə başlaması həyatında yeni mərhələnin başlanğıcına çevrildi.

Həmin illər onun bir-birindən maraqlı əsərlərinin yaradılması ilə də yadda qaldı. Bu mənada rəssamın “Xonçalar”, “Bahar təranəsi”, “Bulaq başında”, “Bahar”, “Xalq mahnısı”, “Görüş”, “Gənc rəssamın portreti” və s. əsərlərinin adını çəkmək olar. Həmin əsərlərin hər birində məlum janrların estetik çərçivəsini genişləndirmək istəyi duyulmaqda idi. Real biçimli əsərlərində mövzuların obrazlı həllinə yönəli gözlənilməz rakursların mövcudluğu həmin lövhələrin diqqətçəkən xüsusiyyətlərindən idi.

“Xonçalar” tablosu bu mənada duyulası maraq kəsb edir. Adından da göründüyü kimi, əsərdə milli adət-ənənələrimiz tərənnüm olunur. Çoxfiqurlu şaquli kompozisiyada müxtəlif yaşlı qadınların qayıqla Kürün bir sahilindən digər sahilinə toy xonçaları aparmaları təsvir edilmişdir. Sərt qayalığın arasından salınmış pillələrlə sahildəki qayığa doğru hərəkət edən başı xonçalı fiqurların ümumi görüntüsünü səciyyələndirən axıcı-oynaq ritm və nikbin rəng çalarları motivin ürəkaçan görkəm almasını şərtləndirmişdir. Zamanında respublika təsviri sənət məkanında bədii hadisə kimi dəyərləndirilən bu əsərə ictimaiyyət də biganə qalmamışdı. Adil Hacıyevin yaradıcılıq uğurlarına şahidlik edən görkəmli kimyaçı alim Yusuf Məmmədəliyev, tanınmış fırça ustaları Səttar Bəhlulzadə və Tahir Salahov, eləcə də rəssamın müasirləri olan həmyerliləri – filoloq-alim İmamverdi Əbilov və qabaqcıl maarif xadimi Əbdülsəmid Axundov onun barəsində xoş sözlər söyləmişlər.

Rəssamın yaradıcılığının ilk dövrünə aid olan əsərlərində bədii ümumiləşdirmələrin hesabına monumentallıq əldə olunması qabarıq duyulur. “Briqadirin portreti”, “Bahar”, “Kənd məktəbində”, “Kür balıqçıları” və s. tablolarda motivin daşıdığı məna-məzmun yükü real və inandırıcı bədii vasitələrlə ifadə olunduğundan, mövzu müxtəlifliyinə baxmayaraq, bu əsərlərin hər biri duyğulandırıcı qəbul olunur.

Adil Hacıyevin sonrakı dövrlərdə ərsəyə gətirdiyi tabloların bədii məziyyətlərini Azərbaycan rəngkarlığı üçün yeni olan bədii şərhin təşkil etdiyini deməliyik. İkinci mərhələni daha dəqiq dəyərləndirməli olsaq, kətan üzərində təqdim edilmiş təsvirlərin realist-gerçəkçi formada təqdimatının kiçikölçülü yaxılarla ifadə olunduğunu vurğulamaq olar. Bu da ilk baxışda “sakit” görünən obrazların və motivlərin romantikaya bələnmiş ekspressiv tutum almasını şərtləndirmişdir, desək, yanılmarıq. Qrafik cizgilərlə anlam yaradan bu yaxıların əlvan boyalarla qovşağının tamaşaçısına bəxş etdiyi estetik zövq kifayət qədər yeni və zəngin çalarlı olduğundan uzun müddət unudulmur. Vurğuladığımız bədii məziyyətlər “Xonçalar”dan əlavə, “Balıq ovu”, “Kür balıqçıları”, “Bala Kürün Xəzər dənizinə qovuşduğu yer”, eləcə də rəssamın işlədiyi çoxsaylı portretlər üçün də səciyyəvidir.

Yuxarıda da qeyd etdiyimiz kimi, əksər əsərlərinin mövzusunu bilavasitə Neftçala və Salyan mühitindən alan rəssam müxtəlif janrlı tablolarında müasirlərinin onları şöhrətləndirən əməyini yaddaqalan – romantik tutumda bədiiləşdirməyə nail olmuşdur. Balıqçı və pambıqçı əməyi həmin əsərlərin əsas leytmotivini təşkil edir. Onun məşhur pambıqçılar Qüdrət Səmədov və Ayna Quliyevaya həsr etdiyi portretlər bu qəbildəndir. Rəssamın başqa peşə adamlarına həsr etdiyi əsərlərdə də obrazlılığın əldə olunması görünməkdədir. Bu mənada məşhur el sənətkarı, aşıq Pənah Pənahovun və tanınmış müəllim-filoloq İmamverdi Əbilovun portretini qeyd etmək olar.

Adil Hacıyevin haqqında söz açdığımız müxtəlif janrlı əsərlərinin çoxsaylı tamaşaçı marağına səbəb olması həm də onların hər birinin müəyyən ovqat daşıyıcısı olması ilə bağlıdır. Daha dəqiq desək, pambıqçının torpaq sevgisinə (”Sosialist Əməyi Qəhrəmanı Ayna Quliyevanın portreti”), ananın körpə məhəbbətinə (“Bahar təranəsi”), gənclərin yaşayıb-yaratmaq eşqinə (“Bulaq başında”), insanların adət-ənənəni yaşatmaq istəyinə (“Xonçalar”) rəssam marağını qatan fırça ustası son nəticədə təqdim etdiklərini romantik ruhlu mənəvi-estetik qaynağa çevirməyi bacarmışdır. Ona görə də onun zamansızlığa qovuşmuş yaradıcılığı bu gün də təravətli, hamı üçün maraqlı görünməkdədir...

Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, professor