II yazı

 

Teatrdan ideologiya maşını kimi istifadə və özünün imperialist “dəyər”lərini sənət vasitəsilə diktə etmək sovet rejiminin əsas xüsusiyyətlərindən idi. XX əsrin 20-ci illəri, ondan sonrakı məşum repressiya dönəmi xalqımızın milli məfkurəsinə, ədəbiyyat, sənət, yaradıcılıq, bütünlükdə şüuruna zərbə vurmağa hesablanmışdı. Ancaq xalqın iradəsi, azad düşüncəsi, yazıb-yaratmaq eşqi öz bəhrəsini verdi.

Ümumilikdə sovet dönəmi Azərbaycan mədəniyyəti, incəsənəti və teatrına nəzər salarkən elə günümüzün reallığında da nostalgiya yaşayanlar çoxdur. Sistem olaraq yaradıcı sənayeni komplektləşdirmək və dövlət himayəsində saxlamaq müsbət tendensiya kimi qəbul edilsə də, əsas odur ki, yaradıcılıq prosesi azad, səmimi və təbii deyildi. Bu mənada düşünürəm ki, sovet ideologiyası düşünülmüş, əslində, bəlkə də böyük bir planın tərkib hissəsi olaraq Qarabağda, xüsusən Şuşada teatr mühitinin inkişafına daim mane olmağa çalışıb. Sözsüz ki, bu işdə mənfur qonşularımızın da böyük rolu olub.

Keçmiş sovet məkanında kommunist ideologiyasının oturuşmasında kütləvi sənət növü kimi teatr daim ön planda olub. Odur ki, onların sayını artırmaq və buxovda saxlamaq ideoloji maşının əsas vəzifəsi idi. Böyük şəhərlərdə bu proses oturuşmuş olsa da, ucqar rayon və şəhərlərdə, hətta kənd və qəsəbələrdə kütləvi “mədəniləşmə” şüara çevrilmişdi. Kommunist ideoloqları yerlərdə kolxoz-sovxoz teatrlarının yaranmasını məqsədəuyğun hesab edirdilər. 30-cu illərdən başlayaraq, rayon, kənd və qəsəbələrdə, fəhlə və kolxozçuların "mənəvi istirahət”ini təmin etmək üçün kolxoz-sovxoz teatrları yaranmağa başladı.

Əvvəllər peşəkar teatr təşkilatçılarının və həvəskarların hesabına formalaşaraq fəaliyyətə başlayan kolxoz-sovxoz teatrları sonradan mərkəz teatrlarının himayədarlığı sayəsində öz maddi-texniki bazalarını möhkəmləndirib repertuar siyasətlərini qura bildilər.

Bir müddətdən sonra onları sayı 300-ə çatdı və Mərkəzi Komitə 1934-cü ilin martında kolxoz-sovxoz teatrlarının inkişafı ilə bağlı qərar qəbul etdi. Həmin ildə Azərbaycan Dövlət Kolxoz-Sovxoz Teatrı yaradıldı. Özü də Bakıda.

Şər qüvvələr, teatrı millətçilikdə, milli ideologiyanın təbliğində suçlayan, xalqımıza qarşı olan qüvvələr teatrın qısa zamanda bağlanmasına nail oldular. 1936-cı ildə teatrın fəaliyyətinə yenidən razılıq verildi – həm də Azərbaycan truppası ilə yanaşı, erməni truppasının da yaradılması şərti ilə!

Bilmirəm, bu məsələ həmin dövrdə nə ilə və necə əsaslandırılıb, amma bir şey bəllidir ki, məhz həmin dövrdən ermənilərin digər sahələrdə olduğu kimi incəsənət, xüsusən teatr sistemində də yerləşdirmə mərhələsinə kütləvi şəkildə “razılıq” verilib. Həmin dövrün teatr salnaməsinə nəzər salarkən bu say çoxluğu arasındakı kəskin fərq daim öz fəsadlarını göstərib. Erməni amilinin Azərbaycan incəsənətinə, konkret olaraq Şuşa teatrına vurduğu zərbələrə rəğmən o, daim özünün yaşamaq haqqını isbat edib...

Respublikamızın başqa rayonlarında olduğu kimi, 1938-ci ilin fevralında Şuşada da kolxoz-sovxoz teatrı yaradıldı. “Uzaqgörən” erməni siyasəti sayəsində teatrın direktoru və baş rejissoru, hətta inzibatçıları da ermənilərdən ibarət oldu. Nəticədə ilk gündən yeni yaranmış teatrda ikitirəlik, teatr daxili intriqalar, azərbaycanlılara, yerli əməkdaşlara qarşı ayrı-seçkilik baş qaldırmağa başlayır. Cəzasızlıqdan həyasızlaşan ermənilər teatrın açılış tamaşasını da öz millətlərini təbliğə hesablamağa çalışırlar, erməni müəlliflərdən birinin əsəri üzərində məşqlərə başlayırlar. Lakin teatrın yaradıcı truppasına cəlb olunmuş aktyorlar və yerli ziyalılar buna mane olurlar. Nəticə olaraq teatrın açılışı uzanır və 1939-cu ilin aprelində ilk tamaşası ilə seyrçi önünə çıxır.

Qısa zamanda səs və söz, musiqi beşiyi olan Şuşa teatrının repertuarında Ü.Hacıbəylinin, M.F.Axundzadənin, C.Cabbarlının, Z.Hacıbəyovun, S.Rəhmanın əsərləri oynanılır. Elə ilk tamaşadan erməni rəhbərlər anlayırlar ki, şuşalılar teatral camaatdır. Gələcəkdə teatr tamaşalarına olan bu marağın qarşısını almaq mümkün olmayacaq. Ona görə yenə kollektivdə səhnə arxası intriqa baş qaldırmağa başlayır. Azərbaycanlı direktor və baş rejissorun təyinatlarından sonra yaranan sənət canlanması erməniləri daha çox narahat edir. Nəticədə havadarlarından cəsarətlənən ermənilər Şuşada erməni kolxoz-sovxoz teatrının yaradılmasına nail olurlar. Amma bu mənfur planları da uğursuz olur. Daha doğrusu, Şuşada erməni əhalisinin müqayisə olunmaz dərəcədə azlığı teatrın plan-proqramını yerinə yetirməməsi və bu səbəbdən bağlanması ilə nəticələnir. 1942-ci ildə Şuşadakı erməni kolxoz-sovxoz teatrının ləğv olunması haqqında qərar qəbul olunur.

Bu, Böyük Vətən müharibəsinin ağır çağlarına təsadüf edirdi və gücünü ön cəbhəyə yönəldən hökumət özünü guya doğrultmayan, əslində, izafi məsrəf olan bir qisim teatrlar haqqında da qərar verdi. Belə ki, kolxoz-sovxoz teatrlarının bir qismi dövlət teatrı statusu aldı, digərləri isə qapadıldı.

Dövlət teatrı statusu alan teatrlar arasında Şuşa kolxoz-sovxoz teatrı da var idi. Beləliklə, məhz müharibə ən qanlı-qadalı illərində – 1943-cü ilin əvvəlində Üzeyir Hacıbəyov adına Şuşa Dövlət Musiqili Dram Teatrı yarandı. Təbii ki, bu, şuşalı teatrsevərlər üçün sənət hadisəsi idi. Bununla özünəməxsus zəngin sənət ənənəsi olan bu teatr bütün mövcud çətinliklərə baxmayaraq, yaradıcılıq fəaliyyətinə başladı. Kollektiv ilk gündən teatrın repertuarının janr baxımından rəngarəng, zəngin olması üçün müasir və klassik əsərlərə daha çox üstünlük vermək qərarına gəldi. Təbii ki, repertuar seçimindəki al-əlvanlıq teatrın yaradıcılıq simasını müəyyən etməklə yanaşı, həm də kollektivin potensial səhnə imkanlarının zənginliyinə dəlalət edirdi.

Müxtəlif janrlı yerli və dünya dram, komediya, musiqili komediya nümunələrinin repertuarda geniş vüsət alması tamaşaçıların zövq zənginliyi və tələbkarlığı ilə yanaşı yaradıcı heyətin də peşəkarlığından, istedad və bilgisindən xəbər verirdi. Bütün bunlara rəğmən Azərbaycanın başqa rayon və şəhərlərində də şöhrət qazanan teatr yenidən xor görülmək taleyini yaşadı.

SSRİ Nazirlər Sovetinin 6 fevral 1949-cu il tarixli qərarı ilə (iqtisadi çətinliklər bəhanə gətirilməklə) Üzeyir Hacıbəyov adına Şuşa Dövlət Musiqili Dram Teatrının da dövlət statusu ləğv olundu.

Nə olsun, bunların heç biri Şuşa teatr mühitini, şuşalı ziyalıların, teatrsevərlərin qala-şəhərimizdə teatrı yaşatmaq və inkişaf etdirmək əzmini qıra bilmədi. Şuşadakı dram dərnəyi yenidən alovlu dövrünə qayıtdı. Yerli həvəskarlar dram dərnəyində xüsusi həvəslə çalışmağa, yeni tamaşalar hazırlamağa başladılar.

Şuşa Musiqili Xalq Teatrı özünün yaşamaq haqqını, sənət yolunu özü cızdı və bütün çətinliklərə rəğmən buna nail oldu.

Nəhayət, təkcə şuşalıların deyil, bütün teatrsevərlərin gözlədiyi gün yetişdi və Azərbaycan SSR Nazirlər Sovetinin 11 may 1990-cı il tarixli qərarı ilə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradıldı. Kollektiv böyük şövq ilə iki səhnə əsəri üzərində paralel məşqlərə başladı. Hamı sevinc və həyəcanla premyeranı gözləyirdi. Amma o gün yetişmədi və 1992-ci ilin 8 mayında Şuşa işğal olundu və bütün şuşalılar kimi, Şuşa teatrı da didərginlik həyatı yaşamağa məcbur qaldı...

Bundan sonrası barədə yazmayacam. Bununla sizi və elə özümü də köçkünlüyün ağır illərinin xatirə yükündən azad etməyə çalışacam. Əvəzində isə sizləri Şuşa Dövlət Musiqili Dram Teatrının bu günlərdə, təxminən 30 illik  fasilədən sonra doğma ünvanda ilk tamaşa nümayişi xəbərindən xoşhal olmağa çağıracam...

Həmidə Nizamiqızı