Bərdə RMİ Bərdə rayon kənd mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Mehdixanlı kəndində əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə “Zəhmətkeş əllər” adlı tədbir keçirilib. Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova, şəhid ailələri, qazilər və kənd ziyalıları çıxış edərək əhalinin mədəni istirahətinin təmin olunması məqsədilə keçirilən bu cür tədbirləri yüksək qiymətləndiriblər.
Tədbirdə Həsənqaya kənd Folklor evində fəaliyyət göstərən yaşlı nəslin nümayəndələrindən ibarət “Yallı” folklor rəqs qrupu bir-birindən maraqlı nömrələrlə çıxış edib, musiqi nömrələri təqdim olunub, şeirlər söylənilib.
Sonda “Şuşa İli”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsində uğur qazanan Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbinin şagirdi Polad Salmanlı və Divanlı kənd Uşaq musiqi məktəbinin şagirdi Rəvan İbrahimliyə diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.
***
Sabirabad RMİ-nin əməkdaşları tərəfindən təqaüddə olan mədəniyyət işçilərinə də diqqət göstərilir. Bu günlərdə idarənin rəisi F.Qurbanzadənin iştirakı ilə uzun illər Saatlı rayon Mərkəzi Kitabxanasında çalışmış Şirin Mərdanova evində ziyarət edilib.
***
Ağstafa RMİ-nin təşəbbüsü və təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrının kollektivi tərəfindən Tovuz rayon Mədəniyyət evində “Dəli yığıncağı” tamaşası nümayiş olunub. Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan tamaşada Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Sevda Orucova, Ramiz Vəliyev və digərləri rol alıblar.
***
Şəki RMİ Şəki şəhər M.F.Axundzadənin Ev-Muzeyi və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə böyük yazıçı-dramaturqun 210 illiyi ilə əlaqədar “Gələcəyə çıraq tutan dahi” adlı elmi sessiya keçirilib. Sessiyada M.F.Axundzadənin Azərbaycan ədəbi-ictimai fikrinin inkişafına verdiyi töhfələrdən bəhs olunub.
Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyin ilk parıltısı” mövzusunda elmi-praktik konfrans keçirilib. Görkəmli dövlət xadimi Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyə gəlişinin ildönümünə (14 iyul 1969) həsr olunan konfransda “Milli özünüdərkin oyanışı”, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzularında məruzələr dinlənilib.
***
Biləsuvar RMİ Neftçala rayon Heydər Əliyev Mərkəzində “AZLİNG-2021 – Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” beynəlxalq elmi konfransının materialları əsasında nəşr olunmuş linqvistik toplunun təqdimatı keçirilib. Təqdimatda Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova çıxış edərək nəşrin əhəmiyyətindən söz açıb.
N.Məmmədli