Mədəniyyət naziri Anar Kərimov Xəzər rayonunun Türkan qəsəbəsi yaxınlığında yerləşən “Kurqan çölü”, “Türkan yaşayış yeri” və “Daş yollar” tarixi abidələrinə baxış keçirib.

Baxış zamanı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Soltan Məmmədov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, tədqiqatçı Faiq Nəsibov, “Agro Food İnvestment” şirkəti və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Unikal abidə olan “Daş yollar”a edilən müdaxilə faktı ilə yerində tanış olan nazir tarixi abidəyə dəyən zərərin müəyyənləşdirilməsi və aradan qaldırılması, habelə ciddi şəkildə qorunması ilə bağlı tapşırıqlar verib.

Vurğulanıb ki, bundan sonra da tarixi abidələrə edilən qanunsuz müdaxilələrin qarşısı alınaraq qanunvericilik çərçivəsində ən ciddi addımlar atılacaq.

Qeyd edək ki, nazir Anar Kərimovun tapşırığı ilə “Daş yollar” abidəsinə edilən müdaxilələrin qarşısının alınması, tarixi abidənin qorunması üçün ətraf ərazi çəpərlənib. Həmçinin əraziyə arxeoloqlar cəlb edilərək abidələrin son durumunun və çəpərlənmə zamanı nəzərə alınmalı olan əlavə tapıntıların dəqiqləşdirilməsi nəzərdə tutulur.

“Daş yollar”a edilən müdaxilələrin ciddi araşdırılması üçün göstəriş verilib.