Məşhur fotoqraf Reza Deqati iyulun 14-də “Theonestudio.az”da gənclərlə görüşüb. Fotojurnalist öz peşə sirlərini həvəskar fotoqraflarla bölüşüb.

Əvvəlcə tanınmış fotoqraf görüşə gələn gənclərin hər biri ilə tanış olub, onların bu sahəyə olan maraqlı fikirlərini dinləyib. O, iştirakçılara fotoaparatla işləməyə başlamazdan əvvəl özünəməxsus imza seçməsini tövsiyə edib. R.Deqati fotoqraflar üçün yaddaşlarda iz qoyacaq görüntüdən əlavə, imzalarının da önəmini diqqətə çatdırıb.

Dünyanın müxtəlif ölkələrində şagirdləri olduğunu deyən məşhur fotojurnalist gələcəkdə Azərbaycanda beynəlxalq foto məktəbi yaratmaq istədiyini bildirib.

Gənclər ünlü fotoreportyorla görüşdən  təəssüratlarını bölüşüblər. “Reza Deqatidən yaxşı fotoqraf olmağın sirrini öyrəndim. Fotoda əsas olan həm insanların, həm də təbiətin ab-havasını dolğun şəkildə çatdırmaqdır”, – deyə Leyla Səttarzadə bildirib.

Digər iştirakçı Ruslan Cəfərzadə R.Deqatinin nümayiş etdirdiyi fotolardan təsirləndiyini deyib: “İşinin peşəkarı olan bir fotoqrafın öz təcrübələrini bizimlə bölüşməsi çox xoş oldu. O, müxtəlif illərdə çəkdiyi fotoları bizə nümayiş etdirərək işinin incəliklərindən danışdı. Müharibə mövzusunda çəkilən şəkillər mənə çox təsir etdi”.