Azad Şuşa Vaqif Poeziya Günlərinə ev sahibliyi edir

 

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə iyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri başlayıb.

Qırxillik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfə əzəli məkanında keçirilir.

Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlərinin, gənc yazarların, qazilərin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri poeziya bayramı çərçivəsində ilk tədbir “Qarabağ” mehmanxanasının qarşısında təşkil edilən kitab sərgisi olub.

Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar qonaqları salamlayıb.

AYB-nin sədr müavini Rəşad Məcid bildirib ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Sərgidə ayrı-ayrı yazıçıların kitablarının təqdimatı keçirilib.

Əvvəlcə Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və 2021-ci ildə Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” kitablarının təqdimatı olub.

“Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan ədiblərin öz rayonları haqqında xatirələri toplanıb. Elçin Şuşadan, Ramiz Rövşən Qubadlıdan, Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan, Aqil Abbas Ağdamdan yazıb. Kitabda şairlərin Qarabağa həsr olunmuş şeirlərinə, ötən il “Xarıbülbül” musiqi festivalından sonra yazılmış publisistik məqalələrə də yer verilib. Nəşrin ön sözünün müəllifi və redaktoru Rəşad Məciddir.

Sərgidə iştirak edən müəlliflər Vətən müharibəsində Qələbəyə həsr olunmuş əsərləri, yeni nəşr olunan kitabları haqqında danışıb, şeirlərini söyləyiblər.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Həmin səfər zamanı ümummilli lider Heydər Əliyev ədəbiyyat xadimlərinin də istəyini nəzərə alaraq Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ilin 44 günlük müharibədə qazandığı tarixi Zəfərdən sonra poeziya bayramı 2021-ci ildə öz yurduna – azad Şuşaya qayıtdı...

***

İyulun 14-də günün ikinci yarısında Şuşada Vaqif Poeziya Günlərinin açılışı olub. Şairin məqbərə kompleksinin önündə keçirilən tədbirdə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Əvvəlcə Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş olunub.

Xalq yazıçısı Anar çıxış edərək qonaqları salamlayıb. AYB sədri Şuşa azad ediləndən bəri bu şəhərdə keçirilən tədbirlər barədə danışıb, Molla Pənah Vaqifin həyat və yaradıcılığına nəzər salıb, Şuşa və poeziya bayramı ilə bağlı xatirələrini bölüşüb.

Xalq yazıçısı çıxışını bu sözlərlə bitirib: “Müzəffər Azərbaycan Ordusuna, ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevə, Şuşaya, xalqımıza eşq olsun!”.

Xalq yazıçısı Çingiz Abdullayev uşaqlığının Şuşada keçdiyini bildirib. Deyib ki, bütün Azərbaycan xalqı uzun illər idi bu günü səbirsizliklə gözləyirdi: “44 günlük Vətən müharibəsində şəhid olanların çoxu Qarabağı görməmişdi. Onlar Azərbaycan Prezidentinə, dövlətimizə inanaraq bu yolda can qoydular. Onların sayəsində biz bu gün çox böyük bayrama toplaşmışıq”.

Sonra tamaşaçılar musiqiçilərin ifasında muğam parçalarını dinləyiblər.

Musiqinin müşayiəti ilə Vətən müharibəsi iştirakçısı olmuş şairlərin “İgidlərin sözü” kompozisiyası təqdim olunub.

Tədbirin “Odlar yurdum Azərbaycan” bölümündə tanınmış şairlər vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlərini söyləyiblər.

Vaqif Poeziya Günləri daha sonra Cıdır düzündə konsert-tamaşa ilə davam edib. “Əsrlərin sədası” adlı konsert-tamaşada Nizami, Füzuli, Xaqani, Nəsimi, Məhsəti Gəncəvi, Natəvan, Mir Möhsün Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Şah İsmayıl Xətai kimi böyük şairlərimizin obrazları canlandırılıb.

Şuşada Vaqif Poeziya Günləri iyulun 15-də başa çatacaq.