Fransa Prezidenti Emmanuel Makronun iyulun 13-də imzaladığı fərmanla bu ölkədə yaşayan soydaşımız, tanınmış musiqiçi, Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva “Fəxri Legion” ordeni ilə təltif olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Fransa Respublikasının milli bayramı ərəfəsində imzalanan fərmanda bildirilir ki, pianoçu, klassik musiqi festivalının təsisçisi Adilə Əliyeva musiqi sahəsində 46 illik xidmətinə əsasən bu təltifə layiq görülüb.

Adilə Əliyeva Bakı şəhərində Bülbül adına Orta İxtisas Musiqi Məktəbini və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Onun 50-dən çox ölkədə konsertləri təşkil edilib, məşhur səsyazma studiyalarında 30-dan çox kompakt diski yazılıb. Soydaşımızın konsert proqramlarına məşhur Azərbaycan bəstəkarlarının əsərləri də daxildir. O, “Raxmaninov konsertlərinin ən yaxşı ifaçısı” mükafatına layiq görülüb.

Hazırda Fransanın Annemas şəhərində yaşayan Adilə Əliyeva 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur. 1996-cı ildən etibarən pianoçuların Adilə Əliyeva adına beynəlxalq müsabiqəsi keçirilir. Fransa və İsveçrədə iki ildən bir təşkil edilən müsabiqə müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan istedadları üzə çıxarır, onları tanıdır və təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır.