Prezident İlham Əliyev iyulun 14-də İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, azərbaycanlıların tarixən köklü yaşadığı mühüm elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi tanınan İrəvanda 1882-ci ildən etibarən fəaliyyətə başlayan Azərbaycan teatrı sonrakı dövrlər ərzində özünün zəngin repertuarında milli ədəbi-bədii fikrin nailiyyətlərinə daim xüsusi yer verərək tamaşaçıların rəğbətini qazanıb və mədəniyyət salnaməmizə yaddaqalan səhifələr yazıb. Azərbaycanın görkəmli səhnə ustalarından bir çoxunun yaradıcılıq taleyi peşəkar milli teatrımızın ayrılmaz tərkib hissəsinə çevrilən bu qocaman sənət ocağı ilə sıx bağlıdır.

Keşməkeşli yol keçmiş və dəfələrlə erməni vandalizminə məruz qalmış İrəvan teatrının salnaməsi əzəli Azərbaycan torpaqlarında həmyerlilərimizin tarixi taleyinin bir parçasıdır. 1918–1920-ci illərdə ermənilər İrəvanda kütləvi qırğınlar törədərkən aktyor truppası mühacirətə üz tutan teatr öz fəaliyyətini 1922-ci ildə bərpa edib, Azərbaycan ziyalılarının fədakarlığı sayəsində 1928-ci ildə müvafiq qərarla dövlət teatrı statusunu alıb, 1935-ci ildən isə böyük dramaturq Cəfər Cabbarlının adını daşıyıb.

Azərbaycanlıların Ermənistandan 1948–1953-cü illərdəki deportasiyasından da acı nəsibini alaraq, fəaliyyətini yalnız 1967-ci ildə bərpa edən İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1980-ci illərin sonlarında ermənilərin yenidən başlatdığı etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində yurddaşlarımızla bərabər didərgin düşüb, qaçqın həyatı yaşamalı olub.

1989-cu ildən Bakı şəhərində məskunlaşan teatr ötən müddətdə ənənəvi repertuarını rəngarəng mövzularda yeni-yeni əsərlərlə daha da genişləndirib və bir sıra yaradıcılıq uğurları qazanıb.

Sərəncamda İrəvan teatrının xalqımızın mədəni-ictimai həyatında özünəməxsus rolu qeyd olunub və Mədəniyyət Nazirliyinə İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.