Anar Kərimov Örl Litzenberger və Ceyms Şarpla görüşüb

 

Mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki  səfiri Örl Litzenbergeri diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan Respublikası və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı həyata keçirilən layihə və tədbirlərdən söhbət açılıb.

Bu ilin may ayında ABŞ-a səfəri çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin və mədəniyyət tədbirlərinin əhəmiyyətini qeyd edən Anar Kərimov bildirib ki, səfərin nəticələri mədəniyyət sahəsində birgə əməkdaşlığa əlavə töhfələr verəcək.

Səfirliyin ölkəmizdə tarixi-mədəniyyət abidələrinin bərpasına göstərdiyi dəstəyi xüsusi vurğulayan nazir bu münasibətlərin davamlı olacağına inamını ifadə edib.

Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən “Mədəniyyət naminə sülh” (Peace for Culture) qlobal çağırışının əhəmiyyətindən bəhs edən Anar Kərimov ölkəmizin  bu kampaniya çərçivəsində də ABŞ-la əməkdaşlıq etmək istəyini diqqətə çatdırıb.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Örl Litzenberger Azərbaycanda işlədiyi dövrdə iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı istiqamətində fəaliyyət göstərdiyini qeyd edib.

Nazir səfirə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Anar Kərimov amerikalı diplomata Şuşa haqqında kitab hədiyyə edib.

***

Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Böyük Britaniya səfiri Ceyms Şarp da Mədəniyyət Nazirliyinə vida ziyarəti edib.

Səfirin iyulun 13-də nazir Anar Kərimovla görüşündə “British Council”in Azərbaycan Respublikası üzrə direktoru Nərgiz Hacıyeva və incəsənət üzrə meneceri Dilarə İbrahimova da iştirak edib.

Qonaqları səmimi salamlayan mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Böyük Britaniya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda göstərdiyi xidmətə görə səfirə təşəkkürünü bildirib.

C.Şarp öz növbəsində ölkələrimizin sıx əməkdaşlığa və səmimi dostluğa söykənən əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb.

Anar Kərimov “British Council” ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası arasında imzalanmış anlaşma memorandumunu bu sahədə məhsuldar əməkdaşlıq yolunda önəmli addım kimi dəyərləndirib. Yaradıcı sənayelərin inkişafına yönəlmiş 2018-2023-cü illəri əhatə edən “Creative Spark” proqramının əhəmiyyətindən danışan nazir  ölkəmizin zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliğ olunmasında Böyük Britaniya ilə humanitar sahələrdə həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.

Anar Kərimov Ceyms Şarpa gələcək fəaliyyətində uğurlar arzulayıb.