“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən Milli Qurama Festivalı davam edir.

Festival iyulun 7-də qədim tikmə növü olan quramanın İçərişəhər ərazisində nümayiş etdirilməsi ilə başlayıb. Təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında kiçik parça hissələrindən tikilən quramanın hazırlanmasında paytaxt sakinləri, turistlər iştirak ediblər.

Milli Qurama Festivalı çərçivəsində keçirilən tədbirlərdən biri yeni istifadəyə verilən və qısa müddətdə paytaxt sakinləri və qonaqların sevimli istirahət məkanına çevrilən “Çəmbərəkənd” parkında dekorativ-tətbiqi sənət nümunələrinin yarmarkası olub.

Bakı Şəhər İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkil etdiyi yarmarkada müxtəlif bölgələri təmsil edən quramaçı sənətkarların əl işlərinin nümayişi və satışı həyata keçirilib.

İştirakçı və qonaqların böyük marağına səbəb olan yarmarkada sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.

Milli Qurama Festivalı avqustun 7-dək Bakının bir neçə məkanında davam edəcək. “Azərbaycanda xalq sənətkarlığı – qurama” adlı elmi-praktik konfrans, dekorativ-tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası, autizm sindromlu uşaqlar üçün qurama məhsullarının hazırlanması, ustad dərsləri və s. tədbirlər nəzərdə tutulur.

Festival Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri, sənətkarların əl işlərindən ibarət sərgi və bu sənətə həsr olunmuş kitabın təqdimatı ilə yekunlaşacaq.