Ordubad və Şərurda yeni aşkarlanan əmək alətləri bunu deməyə əsas verir


Ordubad və Şərur rayonları ərazisindən Alt Paleolit dövrünə aid əmək alətlərinin aşkar olunması Naxçıvan diyarında ilk insan məskənlərinin 2 milyon 500 min il bundan əvvəl yarandığını təsdiq edir.

Bu fikirləri AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev AZƏRTAC-a açıqlamasında bildirib. Arxeoloq alim qeyd edib ki, bu ilin əvvəlindən aparılan arxeoloji axtarışlar zamanı Şahbuz rayonu ərazisindəki Qanlıgöl ətrafında yerləşən Osmantəpə yaşayış yerindən Alt Paleolit dövrünə aid yeni əmək aləti aşkar olunub. Aşel dövrünə (təqribən 500-300 min il bundan əvvəl) aid əl çapacağı obsidiandan hazırlanıb və hər iki üzdən qəlpələnərək işlənib. Dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşən Osmantəpədə Neolit dövründən məskunlaşmanın olması artıq karbon analizlərlə təsdiq edilib. Yaşayış yerindən aşkar olan mikrolitlərin Mezolit dövrünə aid olması ilə bağlı fikirlər söylənsə də, bəzi mütəxəssislər bu fikrə bir qədər şübhə ilə yanaşırdılar. Yeni tapılan əmək aləti yaşayış yerində daha qədim dövrdən – Alt Paleolit dövründən məskunlaşma olduğunu təsdiq edir.

Yaşayış yerində daşdan hazırlanmış digər əmək alətləri də aşkar olunub. Bu isə Osmantəpə yaşayış yerinin Daş dövrünə aid düşərgə olduğunu deməyə əsas verir.

V.Baxşəliyev deyib ki, yeni tapıntılar Alt Paleolit dövründə insanların yalnız mağaralarda deyil, açıq düşərgələrdə də məskunlaşdığını təsdiq edir.