“Sabir və xalq gülüşü” mövzusunda elmi konfrans keçirilib

 

AMEA-nın Folklor İnstitutunda “Sabir və xalq gülüşü” mövzusunda elmi konfrans keçirilib. İyulun 13-də gerçəkləşən konfrans böyük Azərbaycan şairi, maarifpərvər Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 illiyinə həsr olunub.

Konfransı institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızı satirik şairin Azərbaycan ədəbiyyatının parlaq ulduzlardan biri olduğunu qeyd edib, əsərlərinin hər zaman aktuallığı ilə seçildiyini vurğulayıb.

Sonra açılış toplantısının məruzələri dinlənilib. İnstitutun Mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil “Sabirin gülüşü və milli-mənəvi kimlik” adlı məruzəsində bildirib ki, Sabir yaradıcılığından bəhs edərkən mütləq gülüşdən, bu gülüşün əsas qaynağı olan xalq gülüşündən danışmaq lazımdır. Bu gülüş Sabirin aid olduğu məktəblə birləşir. Şairin gülüşündə “Molla Nəsrəddin” gülüşü var.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə “Mirzə Ələkbər Sabir yaradıcılığının funksional səviyyələri (folklor və yazılı ədəbiyyat konteksti)” mövzusunda çıxış edib. Alim bildirib ki, Sabir yaradıcılığı, əsasən, funksional səviyyədə üç hissədə – forma, janr və mövzu baxımından özünü nümayiş etdirir. Şairin ədəbiyyatımıza gətirdiyi forma, əslində, folklordan gəlir.

“Sabirin əsərlərində məsəllərdən bəhrələnmə” mövzusunda çıxış edən filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu şairin yaradıcılığında qəfil dəyişimin özülündə Mirzə Cəlilin dayandığını qeyd edib. Bildirib ki, sənətkarlıq baxımından Sabirdə ironiya çox güclüdür, onun kədəri doğmadır, ironiyası isə kədərlə çulğaşıb.

Daha sonra elmi konfrans öz işini iki bölmədə davam etdirib. Bölmə iclaslarında filologiya üzrə fəlsəfə doktorları – dosent Sevinc Əliyeva “Mirzə Ələkbər Sabir yaradıcılığında xalq ifadələri”, Xəyalə Ağayeva “Sabir yaradıcılığında satirik monoloqlar”, Aytən Quliyeva “Mirzə Ələkbər Sabir və Güney Azərbaycan ədəbiyyatı”, Gülnar Osmanova “Mirzə Ələkbər Sabir satiralarında xəlqilik” və Səbuhi Bədəlov “Mirzə Ələkbər Sabir əvəzolunmaz klassikimizdir” mövzularında məruzələr ediblər.