İyulun 15-i 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə qanlı cəhdin altıncı ildönümü tamam oldu. Bu tarix qardaş ölkədə Demokratiya və Milli Birlik Günü kimi qeyd edilir.

Bu münasibətlə iyulun 15-də Bakıdakı Yunus Əmrə İnstitutunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Türkiyə səfirliyinin əməkdaşları, mədəniyyət və ictimaiyyət xadimləri, media mənsubları iştirak ediblər.

2016-cı ilin 15 iyulunda dövlətçilik yolunda canını fəda etmiş 251 nəfər şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Türkiyənin ölkəmizdəki səfirinin birinci müavini Barış Sayğın dövlət çevrilişinə cəhd zamanı xalqın birliyinin böyük əhəmiyyət daşıdığını bildirib.

Anım mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çevriliş cəhdinin türk xalqını sarsıda bilmədiyini vurğulayıb. Deyib ki, tarixboyu türk xalqları haqqı, ədaləti, müstəqilliyi seviblər: “Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənə qalib gəldi. Bu çətin anlarda qardaş Türkiyə bizim yanımızda oldu, öz dəstəyini göstərdi. Biz də həmişə Türkiyənin yanındayıq”.