Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə 14-15 iyul tarixlərində mədəniyyət paytaxtımız Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb. 40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra ikinci dəfədir əzəli məkanında keçirilirdi.

Tədbirin ikinci günündə, iyulun 15-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin önündə əvvəlcə tanınmış şairlər Qarabağ mövzusunda şeirlərini səsləndiriblər. Sonra gənc şairlərin “Yeni nəfəs” layihəsi üzrə çıxışları olub.

Qeyd edək ki, dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimlərinin, AYB üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya bayramı iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, daha sonra şairlərin çıxışları olub, rəngarəng konsert proqramı, ədəbi-bədii kompozisiyalar təqdim edilib. Builki poeziya bayramı həm də “Şuşa İli”nə möhtəşəm söz-sənət töhfəsi kimi yaddaşlara yazılıb.

İşğaldan azad edilmiş Şuşada gerçəkləşən mədəni-kütləvi tədbirlər 270 yaşlı şəhərimizin keçmiş şöhrətinin özünə qaytarılması, ədəbi-mədəni mühitinin canlanması baxımından böyük əhəmiyyətə malikdir.

Xatırladaq ki, ulu öndər Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Həmin səfər zamanı ümummilli lider ədəbiyyat xadimlərinin də istəyini nəzərə alaraq Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Bununla da ənənəvi poeziya bayramının əsası qoyulub.