Əməkdar rəssam Sabina Şıxlinskayanın rəhbərliyi altında birillik YARAT Müasir İncəsənət Məktəbinin ilk semestri başa çatıb.

Məktəbin ilk üç ayı ərzində tələbələr yerli və xarici rəssamların, kuratorların, sənətşünasların, art-menecerlərin, incəsənət tədqiqatçılarının və müasir incəsənət sahəsində çalışan digər mütəxəssislərin mühazirələrini dinləyib, həmçinin müxtəlif muzeylərə, qalereyalara və sərgi mərkəzlərinə səfər ediblər.

Tədbir çərçivəsində birinci semestrdə fərqlənmiş tələbələrin müasir incəsənətə dair təqdimatları keçirilib.

Sabina Şıxlinskaya və YARAT Müasir İncəsənət Məkanının baş kuratoru Fərəh Ələkbərli kursun fəaliyyəti ilə bağlı iştirakçılara məlumat veriblər. Sonra tələbələr səhnəyə dəvət olunublar.

Qeyd edək ki, eksperimental layihənin məqsədi gənclər arasında peşəkar kadrların yetişdirilməsi və gənclərin peşəkar məşğulluğunun təşviq edilməsidir. Məktəbin təhsil proqramının əsas hissəsini mədəniyyət və incəsənət sahəsində tarixi ənənələrlə cari hadisələrin kəsişməsinin məzmunu əsasında formalaşan müəllif konsepsiyası təşkil edir.