Cıdır düzündə “Əsrlərin sədası” adlı konsert-tamaşa nümayiş olunub
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə 14-15 iyul tarixlərində mədəniyyət paytaxtımız Şuşada Vaqif Poeziya Günləri keçirilib. 40 illik tarixi olan poeziya, söz-sənət bayramı Şuşa işğaldan azad edildikdən sonra ikinci dəfə əzəli məkanında təşkil olunmuşdu.
Tədbirin ikinci günündə, iyulun 15-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin önündə əvvəlcə tanınmış şairlər Qarabağ mövzusunda şeirlərini səsləndiriblər. Sonra gənc şairlərin “Yeni nəfəs” layihəsi üzrə çıxışları olub.
Qeyd edək ki, dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimlərinin, AYB üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya bayramı iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, daha sonra şairlərin çıxışları olub, rəngarəng konsert proqramı, ədəbi-bədii kompozisiyalar təqdim edilib. Builki poeziya bayramı həm də “Şuşa İli”nə möhtəşəm söz-sənət töhfəsi kimi yaddaşlara yazılıb.
Vaqif Poeziya Günləri çərçivəsində iyulun 14-də Cıdır düzündə konsert-tamaşa təqdim olunub.
“Əsrlərin sədası” adlı konsert-tamaşada Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Şah İsmayıl Xətai, Mir Möhsün Nəvvab kimi Azərbaycanın böyük söz ustadlarının obrazları canlandırılıb, onların sözlərinə yazılmış musiqilər səslənib, rəqs kompozisiyaları nümayiş olunub.
Əməkdar artist, rejissor Nicat Kazımovun quruluş verdiyi konsert-tamaşada Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Fərqanə Qasımova, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova və digər incəsənət xadimləri çıxış ediblər.
Azad Şuşada gerçəkləşən hər bir mədəni-kütləvi tədbir 270 yaşlı şəhərimizin keçmiş şöhrətinin özünə qaytarılması, ədəbi-mədəni mühitinin canlanması baxımından böyük əhəmiyyətə malikdir.
Xatırladaq ki, ulu öndər Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Həmin səfər zamanı ümummilli lider ədəbiyyat xadimlərinin də istəyini nəzərə alaraq Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Bununla da ənənəvi poeziya bayramının əsası qoyulub.