III yazı

 

“Şuşa İli” münasibətilə qala-şəhərimizin Azərbaycanın musiqi mədəniyyətinə bəxş etdiyi sənətkarlar haqqında silsiləmizi davam etdiririk. “Şuşalı bəstəkarlar” rubrikasında bu dəfə Əşrəf Abbasov və Zakir Bağırovu yada salacağıq.

Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov 1920-ci il martın 23-də Şuşada anadan olub. İlk orta və tar ixtisası üzrə musiqi təhsilini bu şəhərdə alıb. Təhsil müddətində musiqi məktəbində nəzəri fənlər müəllimi – Üzeyir Hacıbəylinin tələbəsi olmuş Fatma Zeynalova onu dünya bəstəkarlarının yaradıcılıqları ilə tanış edir. Musiqiyə marağı Əşrəf Abbasovu tar üçün kiçik həcmli pyeslər yazmağa həvəsləndirir. Tez-tez Şuşaya gələn Üzeyir Hacıbəyli bu gəncin istedadını duyur və Bakıya təhsil almağa dəvət edir. Beləliklə, 1936-cı ildən Əşrəf Abbasovun həyatında maraqlı dövr başlayır, sənət və karyerası ilə bağlı ilk addımlarını atır. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA), 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirir. Ömrü boyu Şuşa musiqi mühitinin və Ü.Hacıbəylinin əsasını qoyduğu peşəkar bəstəkarlıq məktəbinin ənənələrini yaradıcı şəkildə davam etdirir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Əşrəf Abbasovun xüsusi xidmətləri var. O, xalq musiqisinə yaradıcılıqla yanaşaraq özünün yeni əlavələri ilə orijinal əsərlər yazıb. Bəstəkarın yaradıcılığında simfonik musiqi xüsusi yer tutur. Bu sahəyə bəstəkar bütün yaradıcılığı boyu müraciət edib. Onun simfonik orkestr üçün ilk əsəri tələbə ikən yazdığı “Rəqs süitası” olub. Əşrəf Abbasovun fortepiano ilə orkestr üçün “Konsert”, simfonik orkestr üçün “Konsertino”, “Şuşa”, “Gələcək gün”, “Dramatik poema”sı bəstəkarın ən kamil simfonik əsərlərindən sayılır. “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda” operettaları da müəllifinə böyük şöhrət gətirib.

Bəstəkarın yaradıcılıq zirvəsini isə, sözsüz ki, “Qaraca qız” baleti (1965) təşkil edir. Bu əsər həm də uşaqlar üçün yazılmış ilk milli balet nümunəsidir. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş balet şuşalı yazıçı-dramaturq, maarifçi Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan eyniadlı hekayə əsasında hazırlanıb. Librettonun müəllifi də əslən Şuşadan olan Xalq artisti Əfrasiyab Bədəlbəylidir.

Əsər həyatda bir çox çətinlik və ədalətsizliklərlə qarşılaşan balaca Tutunun – Qaraca qızın bədbəxt taleyindən bəhs edir. Qaraca qız hər şeyə rəğmən insanlara olan sonsuz məhəbbətini, sədaqət və xeyirxahlıq kimi hissləri ömrünün sonunadək qoruyub saxlayır...

Zəngin yaradıcılığa malik Əşrəf Abbasovun mahnı və romansları şeirlərin mətni ilə poetik vəhdət yaradıb. Onun M.Füzuli, M.P.Vaqif, M.Müşfiq, A.Şaiq və başqa şairlərin sözlərinə yazdığı musiqilər həzinliyi, emosionallığı ilə dinləyicinin ruhunu oxşayır. Bəstəkarın tamaşalara yazdığı musiqilər ifadəliyi, coşqunluğu, lirizmi ilə seçilir. O, tamaşa müəlliflərinin ideyalarını, obrazların xarakterini musiqinin dili ilə müvəffəqiyyətlə əks etdirib. 

Əşrəf Abbasov müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, kafedra müdiri vəzifələrində çalışıb. Görkəmli bəstəkar, musiqişünas, pedaqoq və ictimai xadim 1992-ci ildə Bakıda dünyasını dəyişib.

***

Əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoq, ictimai xadim, professor Zakir Cavad oğlu Bağırov 16 mart 1916-cı ildə Şuşada anadan olub. İlk musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki fəhlə fakültəsində alıb, 1935-ci ildə Moskva Dövlət Konservatoriyası nəzdində Musiqi Texnikumuna göndərilib. O, texnikumu bitirdikdən sonra könüllü olaraq İkinci Dünya müharibəsində iştirak edib. Müharibədən sonra ordudan tərxis olunaraq Moskva Dövlət Konservatoriyasına  daxil olub və 1949-cu ildə həmin konservatoriyanı müvəffəqiyyətlə bitirib.

Üzeyir Hacıbəylidən dərs alan Zakir Bağırov özünü həmişə dahi musiqiçinin yetirməsi hesab edib. O, Azərbaycan Dövlət Konservatoriyasında  müəllim, Musiqi nəzəriyyəsi kafedrasının müdiri işləyib. Eyni zamanda musiqi folklorumuzun toplanılması və nota salınması istiqamətində də xidmət göstərib. Bəstəkar 1935-ci ildə ilk dəfə olaraq bəstəkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında “Rast”, “Dügah” və “Segah-zabul” muğamlarını nota yazaraq çap etdirib. Zakir Bağırov həmçinin “Azərbaycan xalq rəqsləri” məcmuəsinin müəlliflərindəndir.

“Aygün” və “Qoca Xattabıç” operaları, “Qayınana” və “Kəndimizin səsi” operettaları, habelə fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik orkestr üçün kamera-instrumental əsərlər, mahnı və romanslar, bədii və sənədli filmlərə, dram tamaşalarına yazılmış musiqilər bəstəkarın yaradıcılıq diapazonunun genişliyindən xəbər verir.

Zakir Bağırov 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sonradan təşkilatın İdarə heyətinin üzvü olub. Müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri, Azərbaycan Musiqi Fondu İdarə heyətinin sədri vəzifələrində çalışıb. 8 yanvar 1996-cı ildə Bakıda vəfat edib.

Lalə Azəri