Türkiyənin Kütahya vilayətində yerləşən və 8 min illik tarixi olan Tavşanlı qədim yaşayış yerində arxeoloji qazıntılar zamanı tarixi 3300 illik olan möhür və xəncər aşkar edilib.
Möhür və xəncər Bilecik Şeyh Edebali Universitetinin alimi Erkan Fidanın rəhbərliyi ilə aparılan qazıntılar zamanı tapılıb.
Tarixi əsərlər Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsinin Qazıntılar və araşdırmalar şöbəsinin sosial media hesabında paylaşılıb.
Tavşanlıda genişmiqyaslı arxeoloji ekspedisiya 2021-ci ildə başlanıb. Arxeoloqlar ərazidə bir çox yeni tapıntıların üzə çıxacağına ümid edirlər.