Estoniyanın paytaxtı Tallində bu şəhərdə yaşayan azərbaycanlı rəssam Rövşən Quliyevin (Rövşən Nur) əsərlərindən ibarət “Azərbaycan naxışları” adlı sərgi keçirilib. Şəhərdəki Arxitektura və Dizayn Qalereyasında açılan sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Estoniyadakı Səfirliyinin dəstəyi ilə “Şuşa İli” çərçivəsində təşkil edilib.
Tədbirdə Türkiyənin Estoniyadakı səfiri xanım Başak Türkoğlu, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, yerli ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
Ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov çıxış edərək qədim Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı olduğunu, 2022-ci ilin isə “Şuşa İli” elan edildiyini diqqətə çatdırıb.
Sərginin ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrə töhfə verəcəyini deyən səfir rəssam Rövşən Nura gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra iştirakçılar ekspozisiya ilə tanış olublar. Sərgidə Şuşa və ölkəmizin digər gözəl guşələrini əks etdirən müxtəlif rəsm əsərləri, xalçalar nümayiş etdirilib.