Regional mədəniyyət idarələrinin əhatə etdiyi müəssisələrdə “Şuşa İli” münasibətilə müxtəlif tədbirlər keçirilir, 270 yaşlı şəhərimizin mədəni zənginliklərindən söz açılır.
Kürdəmir Regional Mədəniyyət İdarəsi (RMİ) Beyləqan rayon Mədəniyyət Mərkəzində “Əziz Şuşa” adlı tədbir keçirilib. Tədbir iştirakçıları ilk olaraq kitab və rəsm sərgisi ilə tanış olublar. Daha sonra Şuşaya həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir “Gənclik” xalq teatrının hazırladığı “Əziz Şuşa” adlı tamaşa ilə davam edib.
***
Gəncə RMİ Gəncə şəhər MKS-nin 8 saylı kitabxana filialında “Sən tarixin özüsən, Azərbaycanın gözüsən” başlığı altında tədbir keçirilib. Tədbirdə çıxış edənlər Şuşanın yetişdirdiyi şəxsiyyətlərin Azərbaycanın ədəbiyyat və mədəniyyətinə verdiyi töhfələrdən bəhs ediblər.
***
Ağdaş RMİ Ağdaş Dövlət Rəsm Qalereyası və Ağdaş rayon MKS-nin 13 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə “2022-ci il Azərbaycanda “Şuşa İli”dir” mövzusunda tədbir keçirilib. Tədbirdə Şuşaya, Qarabağa aid şeirlər səsləndirilib. Sonda rəssam Taleh Salehovun əl işlərinə və “Şuşa Qarabağın zümrüd tacıdır” adlı kitab sərgisinə baxış olub.
N.Məmmədli