Milli Arxiv İdarəsi Xalq artisti Həqiqət Rzayevaya həsr olunmuş virtual sərgini istifadəçilərin ixtiyarına verib.
İdarədən bildirilib ki, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan sənədlər əsasında hazırlanmış virtual sərgi Azərbaycan professional opera və vokal sənətinin görkəmli xanım nümayəndəsi, Xalq artisti Həqiqət Rzayevanın anadan olmasının 115-ci ildönümünə həsr olunub.
Həqiqət Rzayeva 1927-ci ildə böyük bəstəkar Müslüm Maqomayev tərəfindən dinlənmələrə dəvət olunur və səsi bəyənilərək Azərbaycan Dövlət Opera və Balet Teatrına işə götürülür. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsinə qəbul olunan Həqiqət Rzayeva burada Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimov kimi ustad musiqiçilərdən muğam dərsləri alır.
Opera tariximizdə məxsusi yeri olan ifaçının ən böyük nailiyyəti, heç şübhəsiz ki, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngi rolunu ifa etməsi olub. Xanəndə Əsli, Leyli, Telli (“Əsli və Kərəm”, “Leyli və Məcnun”, ”Arşın mal alan” – Üzeyir Hacıbəyli) və Şahsənəm (“Aşıq Qərib” – Zülfüqar Hacıbəyov) obrazlarını da məharətlə ifa edib.
Həqiqət Rzayeva opera solisti olmaqla bərabər muğam və xalq mahnılarının özünəməxsus ifaçısı idi. Onun kövrək və yanıqlı səsindən eşidilən hər bir muğam parçası və ya xalq mahnısı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanırdı.
İfaçı bir neçə dəfə film çəkilişlərinə dəvət olunmuşdu. Onun kino lentlərində ən yaddaqalan rolu 1958-ci ildə rejissor Həbib İsmayılovun çəkdiyi “Ögey ana” filmində Qəmər xala obrazıdır.