Bakıda “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransı keçirilib
“Biz Azərbaycan ədəbiyyatı haqqında məlumatı dinləyərək məmnunluq və şərəf duyduq, ədiblərinizin öz xalqı üçün necə böyük işlər gördüyünün bir daha şahidi olduq. Biz gözəl təəssüratla muzeydən ayrılır, belə bir ədəbiyyat muzeyinin Pakistanda yaradılması ideyası ilə vətənə dönürük”.
Pakistanın Lahor Dövlət Universitetin Urdu dili kafedrasının müdiri, professor Saima İram bu sözləri AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə tanışlıqdan sonra muzeyin “Rəy kitabı”na yazıb.
Dost ölkənin nümayəndə heyəti AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gəlib.
Konfransın açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Pakistan diplomatik əlaqələrinin 30 illiyinə töhfə olan tədbirin Lahor Dövlət Universiteti ilə birgə təşkil edildiyini bildirib. Qeyd edib ki, bu səfər ərəfəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Pakistan guşəsi təşkil olunub.
Mərasimdə Pakistan İslam Respublikasının Azərbaycandakı səfirinin müavini Müəzzəm Əli, Lahor Dövlət Universiteti Urdu dili kafedrasının müdiri, professor Saima İram çıxış ediblər.
AMEA Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Eynulla Mədətli “Azərbaycan-Pakistan: dostluq və qardaşlığın tarixi kökləri”, Lahor Dövlət Universitetinin Ərəbşünaslıq və islamşünaslıq kafedrasının müdiri Hafiz Məhəmməd Nayem “Azərbaycan: multikulturalizmin və dinlərarası harmoniya modeli kimi”, Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov “Azərbaycan-Pakistan ədəbi əlaqələri: tarix və bu gün”, Lahor Dövlət Universitetinin Fars dili kafedrasının dosenti Babar Naseem Assi “Nizami Gəncəvi: “Xəmsə”nin yaradıcı şairi” mövzularında məruzə ediblər.
Pakistandan gələn nümayəndə heyəti AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovla görüşüb, AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub, Milli Azərbaycan Tarixi Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Pakistanlı alimlərin Nizaminin yurdu Gəncəyə də səfəri təşkil olunub. Onlar dahi şairin məqbərəsini, buradakı Nizami Gəncəvi muzeyini ziyarət ediblər. Səfər çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən raket hücumu nəticəsində dinc sakinlərin qətl edildiyi ərazi ziyarət olunub. Daha sonra qonaqlar Şah Abbas məscidi, Cavad xan türbəsi və Gəncə Dövlət Filarmoniyasında olublar.
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfrans çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Pakistan guşəsinin açılışı olub.
Tədbir çərçivəsində Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər”, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Dünya ədəbiyyatı” dərgisinin “Pakistan” xüsusi buraxılışı, pakistanlı məşhur şair, mütəfəkkir Məhəmməd İqbalın (1877-1938) “Seçilmiş əsərləri”, Bəsirə Əzizəlinin “Məhəmməd İqbalın həyatı və yaradıcılığı” kitablarının təqdimatı olub.
İsa Həbibbəyli qeyd edib ki, “Dünya ədəbiyyatı” jurnalının Pakistana həsr olunan xüsusi sayı Azərbaycanda qardaş ölkənin ədəbiyyatını öyrənmək baxımından sanballı mənbədir. Bildirib ki, biz Pakistan-Azərbaycan ədəbi əlaqələrinin yeni mərhələsinə başlayırıq. Ədəbiyyat İnstitutunun və AYB-nin birgə layihəsi olaraq Pakistanda Azərbaycan ədəbiyyatı antologiyası və Lahor Universitetində Nizami Gəncəvi haqqında kitab çap olunacaq.
Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin tərcüməçisi və şərhlərin müəllifi, Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal Qaraxanlı nəşr haqqında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu “Dünya ədəbiyyatı” jurnalının xüsusi sayı haqqında məlumat veriblər.
Lahor Universitetinin professoru Saima İram Azərbaycan ədəbiyyatı nümunələrinin urdu dilinə çevrilməsi və yayılmasına dəstək olacaqlarını bildirib. “Siz Məhəmməd İqbalı sevdiyiniz kimi, biz də Nizami Gəncəvini sevirik”, – deyə o qeyd edib.