Sumqayıt Şəhidlər xiyabanında “Qalib Əsgər” abidəsi ucaldılıb

Prezident İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. Dövlət başçısı Sumqayıt şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.

Sumqayıt Şəhidlər xiyabanında aparılan yenidənqurma işləri çərçivəsində burada  “Qalib Əsgər” abidəsi də ucaldılıb. Dövlət başçısı “Qalib Əsgər” abidəsinin və Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan abidənin önünə gül dəstələri qoyub.

Şəhərin icra başçısı Zakir Fərəcov Şəhidlər xiyabanında görülən işlər barədə məlumat verib. Bildirib ki, Sumqayıtda 1992-ci ildə salınan, 513 şəhidin uyuduğu Şəhidlər xiyabanı 2021-ci ildə əsaslı şəkildə təmir olunub, burada kompleks yenidənqurma işləri aparılıb, hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılıb. Şəhidlər xiyabanının ərazisi genişləndirilərək 1,2 hektara çatdırılıb. Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 144 şəxs haqqında məlumatların əks olunduğu abidə ucaldılıb.

***

Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.

Burada yeni icrasına başlanan layihələrdən biri də “4MAPS Bilgi Teknolojileri” MMC-nin “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsidir. Layihə çərçivəsində müxtəlif xidmətlər təklif edəcək biznes mərkəzi inşa olunacaq. Mərkəz müasir ağıllı sensorla və yüksək dəqiqliyə malik texnologiya ilə təchiz ediləcək.

“4MAPS Bilgi Teknolojileri” MMC-nin təsisçisi Abdullah Demirtaş Prezident İlham Əliyevə layihə barədə məlumat verib.

Bildirilib ki, “4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps”, “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir. Şirkətin əsas fəaliyyət sahəsi coğrafi (xəritə) məlumatların toplanması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin də göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Şərqi Avropa, Gürcüstan, MDB, Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) Azərbaycanda fəaliyyət göstərəcək.

Prezident qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında bir çox sahələrdə müxtəlif layihələr həyata keçirilib. Xüsusilə indi Qarabağda bütün bərpa işlərini bərabər görürük. Amma bu sahədə hələ ki, işlər olmayıb. Bu, birinci layihədir.

Abdullah Demirtaş dövlət başçısına məlumat verib ki, təmsilçisi olduğu hər üç mobil tətbiq xəritəsində erməni adları azərbaycancaya təmənnasız dəyişdirilib. Növbəti addım kimi “Google” platformasında Qarabağdakı yer adlarının yenilənməsi nəzərdə tutulur: “Apple”da, “Here”də, “Yandex”də hamısını dəyişdirmişik. Biz “Google”un tərəfdaşı deyilik. Amma “Google” üçün buradan cihazlarımızı göndərəcək, koordinatlarımızı ötürəcək və bildirəcəyik ki, artıq Azərbaycan buraya sahibdir...”.

Prezident Sumqayıt Kimya Sənaye Parkında “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsi üzrə mərkəzin təməlini qoyub.

***

İyulun 20-də 2 saylı Sumqayıt regional “ASAN Xidmət” Mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına Sumqayıtda 2-ci, ölkə üzrə isə 24-cü olan “ASAN Xidmət” Mərkəzində yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Sumqayıtda fəaliyyət göstərən 1 saylı regional “ASAN Xidmət” Mərkəzi gün ərzində 3 minə qədər vətəndaşa xidmət göstərir. Xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq şəhərdə ikinci regional “ASAN Xidmət” Mərkəzi inşa edilib. Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşa ümumilikdə 325 xidmət göstəriləcək. Eyni zamanda mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcək. Burada dövlət orqanlarının fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü çalışacaq.

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinin, habelə “YAŞAT” Fondunun fəaliyyəti barədə məlumat əldə etmək mümkündür. Həmçinin regionlarda startapların inkişafını dəstəkləmək məqsədilə burada “INNOLAND” mərkəzi fəaliyyət göstərəcək. Mərkəzdə ənənəvi olaraq “ABAD Food Hall” da təşkil edilib.