Prezident İlham Əliyev iyulun 21-də “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. Fərmanla “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Nizamnaməsi də təsdiq edilib.

Fərmanda qeyd olunur ki, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərə (Şuşa rayonu istisna olmaqla) əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılır. Xidmətin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi icraçı direktor həyata keçirir. Xidmətin nizamnamə fondu 1 000 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Prezidentin iyulun 21-də imzaladığı digər fərmanla “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb. Fərmanla “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Nizamnaməsi təsdiqlənib.

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi icraçı direktor qurumun fəaliyyətinə cari rəhbərliyi həyata keçirəcək.

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nizamnamə fondu 500 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Hər iki publik hüquqi şəxs fərman qüvvəyə mindiyi tarixdən üç gün müddətində dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etməli, dövlət qeydiyyatına alındıqdan sonra strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməlidir.

Nazirlər Kabineti hər iki publik hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində nəqliyyat vasitələri və maddi-texniki təminat məsələlərinin həlli üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.