Milli Mətbuat Günü ərəfəsində konfrans keçirilib

 

İyulun 21-də, Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Bakıda “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilib.

Beynəlxalq media və ictimaiyyət nümayəndələrinin, xarici və yerli media ekspertlərinin iştirak etdikləri konfransın təşkilində məqsəd Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, müasir dövrdə media islahatları, əldə olunan ilkin nəticələr və təhlilə yönələn fikir mübadiləsinin aparılmasıdır.

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov açılış nitqində bildirib ki, Medianın İnkişafı Agentliyi, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki və hüquqi bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir.

Konfrans “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin moderatorluğuyla panel sessiyası ilə davam edib.

Paneldə çıxış edən Prezident Administrasiyası Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova diqqətə çatdırıb ki, ötən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi fundamental islahatlar nəticəsində müstəqil Azərbaycanın informasiya siyasətinin prioritetləri müəyyən edilib, senzura ləğv olunub, media üzərində dövlət nəzarəti aradan qaldırılıb, onun maddi-texniki bazası möhkəmləndirilib, yeni inkişaf perspektivləri açılıb. Cəmiyyətin həyatında medianın rolunun durmadan artdığını deyən Səadət Yusifova medianın fəaliyyətində hər zaman obyektivlik, modernləşmə, rasionallıq, kreativlik, sosial məsuliyyət prinsiplərinin, milli maraqların daim rəhbər tutulmasının zəruriliyini vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tarixi “Əkinçi” qəzetindən başlayan milli mətbuatın keçdiyi yola nəzər salıb.

Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib. Qeyd edilib ki, milli mətbuatın qollarından biri də audiovizual mediadır.

Konfrans çərçivəsində MEDİA-nın yenilənmiş veb-saytının təqdimatı da olub. Bildirilib ki, yenilənmiş veb-sayt informativ olmaqla yanaşı, istifadəçilər üçün daha əlçatandır.