Məstan Günər şeirlərində xalq deyim-duyumlarından sənətkarlıqla istifadə edirdi

 

XX yüzilliyin ikinci yarısında uşaq ədəbiyyatına töhfə vermiş yazarlardan söz açılanda ilk yada düşənlərdən biri də şair, publisist, Dövlət mükafatı laureatı Məstan Günərdir. Aşıq şeirinin müxtəlif şəkillərinə müraciət edən şair ideya-bədii xüsusiyyətləri ilə seçilən yaradıcılıq nümunələri qələmə alıb.

Məstan Rəsul oğlu Əliyev (Günər) 25 iyul 1935-ci ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya göz açıb. Uşaqlıq və gənclik dövrü qanlı-qadalı illərə təsadüf edir. Atası hərbi xidmətə çağırıldığı vaxt SSRİ-Finlandiya müharibəsi (1939-1940) başlanır və o da ön cəbhəyə göndərilir... Rəsul kişi daha sonra II Dünya müharibəsinə qatılır. Ağır döyüşlərin birində həlak olur.

Kiçik yaşlarından ata qayğısından məhrum olan Məstan orta təhsilini başa vurduqdan sonra, 1953-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olunur. İnstitutu bitirdikdən sonra əmək fəaliyyətinə jurnalist kimi başlayır. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, redaktor, şöbə müdiri, baş redaktor olur. Sonra “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, “Gənclik” nəşriyyatında böyük redaktor, baş redaktor müavini vəzifələrində çalışır. Jurnalistika sahəsində uğurlu fəaliyyətinə görə 1970-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilir.

Ədəbiyyata əllinci illərdə gələn Məstan Günər yaradıcılığında aşıq şeiri və folklorumuzun müxtəlif janrlarından ustalıqla bəhrələnib, əsasən qoşma və gəraylılar qələmə alıb. İlk şeiri “Sosializm kəndi” rayon qəzetində dərc olunub.

Tələbəlik dövründə “İsti köynək”, “Körpü” şeirləri “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. Bundan ruhlanan gənc şair yaradıcılığa daha çox vaxt ayırır. “Məstan Dəmirçioğlu”, “Məstan Əsrikli”, “Məstan Məsum” və nəhayət, “Məstan Günər” ədəbi imzaları ilə şeirləri mətbuatda davamlı işıq üzü görür. “Qartal” adlı ilk kitabından sonra  işıq üzü görən “İlk görüş”, “Çəmən qızı”, “Nərgizim”, “Addımlar, addımlar”, “Nəğməli qovaq”, “Obalardan əsən yellər”, “Çalğıçı quşlar”, “Bir könüldən min könülə”, “Günərli şeirlər”, “Mən bir durna qatarında”, “Gülə bəndəm” kitabları oxucular tərəfindən maraqla qarşılanır.

Yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilən Məstan Günər 1976-cı ildə Azərbaycan Lenin Komsomolu mükafatına, 1980-ci ildə isə Azərbaycan SSR-in Dövlət mükafatına layiq görülür.

Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin üzvü olan şair müstəqillik illərində bir müddət Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Məstan Günərin yaradıcılığında uşаqlаr üçün qələmə aldığı pоеmа və mənzum nаğıllаr xüsusi yer tutur. Оnun “Günəbахаn nənə”, “Аğаcdа lеylək”, “Sеl”, “Lоvğа Murtаz”, “Çохbilmiş kеçi”, “Dəcəl dələ, qоrхаq dоvşаn və qоrхmаz küçük”, “Ürəyin nаğılı” kimi pоеmа və nаğıllаrındа uşаqlаrın yаş хüsusiyyətləri, mаrаq dаirəsi nəzərə аlınaraq оnlаrın zövqünü охşаyа biləcək əhvаlаtlаrın bədii təsviri əsаs götürülüb. “Günəbахаn nənə” nаğıl-pоеmаsının əsаsını günəbахаn hаqqındа əfsаnə təşkil еdir. Lаkin şаir bu əfsаnənin müfəssəl məzmununu nаğıl еtmir, оnu həm rеаlist, həm də rоmаntik bоyаlаrlа охucunun gözü qаrşısındа cаnlаndırır.

Məstan Günər xəlqi və milli şairdir. O, bunu kövrək “Ana” şeirində poetik bir dillə göstərib. Hiss və duyğular işığında zəhmətkeş ana qəlbinin hərarətini göz önünə gətirib. Onun qabarlı əlləri ilə gülüstana çevrilən Vətən torpağından danışır. Ananı bolluq-bərəkətli çöllərin yarı-yaraşığı hesab edib:   

Yeri taxıllı, tənəkli,
zər naxışlı, gül döşəkli
göyü göyərçin bəzəkli,
çöllərə yaraşan anam.

Sellər ilə süpürləşən,
çətin günlərdə kürləşən,
göyçək əli kömürləşən,
birçəyi qarlaşan anam.

Şeirlərində xalq deyim-duyumlarından sənətkarlıqla istifadə edən şair hər gülün, çiçəyin rəng və haləsində bir məna axtarıb. Sanki bir rəssam kimi sözlə təbiət lövhələri yaradıb. Tanınmış tənqidçi Vaqif Yusifli şairin yaradıcılığı haqqında yazır: “Məstan Günərin qoşmaları XX əsr insanının, daha doğrusu, sevən aşiqin könül çırpıntılarını əks etdirir. Bu qoşmalarda Vaqif şeirinə məxsus nikbinlik sanki yenidən üzə çıxır. Gözəllikdən zövq almaq, sevdiyi gözəlin həm daxili, həm də zahiri portretini yaratmaq, məhəbbətin, sevginin ötəri hiss olmadığını sübut eləmək bu qoşmaların mahiyyətini təşkil edir”.

Söylə, yadındamı yaz aylarıydı,
Tutmuşdun əlində dəstə gülləri.
Gördün yaranışdan gül xəstəsiyəm,
Verdin ki, qoxlasın xəstə gülləri...

Görkəmli şairin son kitabı 2009-cu ildə işıq üzü görən “Bir oğul göstərin Heydərə bənzər” adlanır. Kitabda müəllifin ulu öndər Heydər Əliyevlə bağlı xatirələri və böyük dövlət xadiminə həsr etdiyi şeirləri toplanıb.

Yaradıcılıq fəaliyyəti dövründə 30-dək kitabı işıq üzü görən şairin əsərləri rus, özbək və çex dillərinə tərcümə olunub. Vətənpərvər şair, uşaqların sevimli müəllifi 25 sentyabr 2010-cu ildə vəfat edib.

Savalan Fərəcov