Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.

Layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlova (1935-2006) həsr olunub.

Musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən Vasif Adıgözəlov bu gün də incəsənət xadimləri tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmür.

Vasif Zülfüqar oğlu Adıgözəlov 28 iyul 1935-ci ildə Bakıda doğulub boya-başa çatsa da, ata yurdu Qarabağı heç vaxt unutmayıb. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMU) nəzdindəki musiqi məktəbində (fortepiano sinfi) alıb. 1953-cü ildə konservatoriyaya daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə iki ixtisas üzrə ali təhsili başa vurub. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb, o cümlədən Bəstəkarlar İttifaqının sədri (2000-2006) olub.

Bəstəkar iki operanın (“Ölülər”, “Natəvan”), altı musiqili komediyanın (“Nənəmin şahlıq quşu”, bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı “Hacı Qara”, “Boşanaq – evlənərik”, “Aldın payını, çağır dayını” və s.) “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, üç simfoniyanın, “Segah” muğam-simfoniyasının, “Mərhələlər”, “Afrika mübarizə edir” simfonik poemalarının, beş instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, yüzə qədər mahnı və romansın, dram tamaşalarına və filmlərə yazılmış musiqinin müəllifidir.

Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915” oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. “Çanaqqala-1915” qəhrəmanlıq mövzusuna ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət edib və bu monumental əsər Türkiyədə əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.

İri monumental əsərlərlə yanaşı bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. “Qərənfil”, “Bakı”, “Xoşum gəlir”, “Naz-naz”, “Şuşa laylası”, “Ana” kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.

1992-ci ildə Şuşanın, daha sonra Qarabağda digər yurd yerlərimizin işğal edilməsi Vasif Adıgözəlovu son dərəcə sarsıtmışdı. Ömrünün sonlarında bəstələdiyi əsərlərdə kədər notları daha çox sezilirdi. “Qarabağ şikəstəsi” oratoriyası, “Qəm karvanı”, “Şuşam laylay” əsərləri, üzərində on bir il işlədiyi “Natəvan” operası Qarabağ həsrətindən yaranmışdı.

Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.

2020-ci ilin Vətən müharibəsində işğal altındakı torpaqlarımız, o cümlədən Şuşa şəhəri rəşadətli Ordumuz tərəfindən azad edildi. 2021-ci ildə mədəniyyət paytaxtımız Şuşada bərpa olunan “Xarıbülbül” musiqi festivalında Vasif Adıgözəlovun “Qarabağ oratoriyası”na görkəmli bəstəkarın oğlu Yalçın Adıgözəlov dirijorluq edirdi.

Şuşadan, Qarabağdan ayrılmağı sonsuz kədərlə qarşılayan bəstəkar, təbii ki, bu itkinin müvəqqəti olmasına inanırdı və bu inamın, bu təntənəli qayıdışın akkordları elə ilk notlardan hiss olunurdu. Bu unudulmaz günədək yaşamaq bəstəkara nəsib olmasa da, otuz ildən sonra onun möhtəşəm Zəfər müjdəli notlarının Cıdır düzündə səslənməsi qala-konsertin kulminasiya nöqtəsi oldu.