AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Şuşaya məxsus sənət incisi – XX əsrin əvvəllərinə aid Humay təsvirli çanta qorunur.
Keçmiş xanımlar məişətdə əl işi olan zərif aksesuarlardan istifadə ediblər. Onların sırasına çantalar, sürmədan qovluqları, saatqabı, daraqqabı və s. daxildir. Çantalar qədim zamanlarda insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsi olub. Hələ ibtidai insanlar səfərə və ya ova gedərkən lazım olan əşyalarını, yanında gəzdirdikləri, gündəlik tələbat üçün lazım olan hər bir şeyi daşımağın və saxlamağın yollarını tapıblar. Zaman-zaman belə daşıma vasitələri özünün əsl mahiyyətindən daha çox bəzək elementi olan aksesuara çevrilib.
XX əsrin əvvəllərində Şuşada istifadə olunan çanta həm güləbətin tikmə üsulu, həm də keçmiş mifoloji görüşlər haqqında müəyyən təsəvvür yaradır. Çantanın üzərində stilizə olunmuş Humay təsviri var. Humay ana qədim mifoloji dünyagörüşünə əsasən qadın və uşaqların himayəçisi hesab edilirdi.
Tarixi Muzeyinin Etnoqrafiya fondunun zəngin kolleksiyasında gözoxşayan bədii-dekorativ tərtibata malik yun, fil sümüyü, dəri materialdan olan çantalar da qorunub saxlanılır.