Xalq şairi Səməd Vurğun klassik xanəndələrdən Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Keçəçioğlu Məhəmməd, İslam Abdullayev, Malıbəyli Əsgər, Musa Şuşinski və başqaları ilə şəxsən tanış olmuş, yazılarında və çıxışlarında onların sənətinə yüksək qiymət vermişdir. O, dahi Üzeyir bəy Hacıbəylinin də şəxsiyyətinə böyük hörmət bəsləyib, bəstəkar haqqında sanballı məqalə və şeirlər yazıb. Şair 1948-ci ildə “İnsan qəlbinin tərənnümçüsü” adlı məqaləsində yazırdı: “...Üzeyir musiqisini dinlədiyimiz zaman biz bəzən qaşlarımızı çatıb, loğman kimi düşünürük, bəzən həyat və insan eşqinə odlardan, alovlardan keçən qəhrəmanlar oluruq, bəzən ürəyimiz kaman kimi təlatümə gəlir, bəzən də sakit və nurlu bir yaz səhəri kimi açılırıq, özümüzdə dağlarda külüng çalan Fərhadlar qüdrəti hiss edirik, xəyalımız uçduqca yaşadığımız ana torpağı, onun yaratdığı insan adlı böyük neməti daha çox sevirik, öz varlığımız və tariximiz ilə fəxr edirik”.

Tədqiqatçı-jurnalist Vasif Quliyevin Xalq şairi Səməd Vurğunla Xalq artisti Xan Şuşinskinin dostluğundan bəhs edən məqaləsində bu barədə söhbət açılır. AZƏRTAC həmin məqaləni təqdim edib.

 

Gəncədən başlanan tanışlıq

 

...Səməd Vurğun Xan Şuşinskinin səsini ilk dəfə ötən əsrin iyirminci illərində Gəncədə eşitmişdi. O vaxtdan da xanəndənin sənəti, ecazkar səsi onu məftun eləmişdi. Çox çəkmədən hər iki sənətkar şəxsən tanış olmuş və bu tanışlıq sonralar möhkəm və səmimi bir dostluğa çevrilmişdi. Şairin elə bir məclisi olmazdı ki, Xan orda iştirak etməsin. Xanəndənin səsinin “dəlisi” olan Səməd Vurğun özünün məşhur “Azərbaycan” şeirində onu xüsusi bir məhəbbətlə tərənnüm edir:

Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Şairin oğlu Vaqif Səmədoğlu xatirələrində Xan Şuşinski ilə atasının dostluğundan söhbət açır: “...Xan əmi mənim yadımda həyatım boyu gördüyüm ən saf, ən təmiz və zahirən ən gözəl insan kimi qalıb. Sənətkarlığını bir yana qoysaq, həm də doğrudan da görkəmli bir insandı. Xan əmi hərdən bizə atamla dərdləşməyə, söhbətə gəlirdi. Məclislərimizdə iştirak edirdi. O, hər il dekabrın 25-də dəvət gözləmədən bir qohum, bir əmi, Səməd Vurğunun dostu kimi bizə, rəhmətlik Yusifin ad gününə gələrdi. Günümüz çox şən keçərdi, Xan əmi, atam, Mehdixan əmim bir-biri ilə zarafatlaşardılar. Axı, zahirən onların oxşarlıqları da vardı.

Aralarında Qarabağ – Qazax dialektlərində gülməli söhbətləri olardı. Mənimlə Aybənizin doğum günü yay aylarına düşdüyünə görə orada-burada keçirərdik. Yusifin ad günü isə qışa düşdüyündən şəhərdə evimizdə keçirilərdi. Xan əmi Yusifin ad gününə xanəndə kimi yox, dost kimi gələrdi.

Səməd Vurğunun ağır vaxtları idi. Atam 1952-ci ildə çox ağır vəziyyətdə idi. O vaxt bizim ailə sürgün olunmalı, Səməd Vurğun isə tutulmalıydı. Hətta order də imzalanmışdı. Bizim sürgün yerimiz də artıq məlum idi. Qazaxıstanın hansısa vilayətinə. Bax, o dövrdə çoxları bizdən üz döndərmişdi. Belə bir vaxtda Xan əmi həftədə, on gündən bir gəlib, atama baş çəkərdi. Oturub, söhbət edirdi, fikrini dağıtmaq üçün zarafatlaşırdı. Onda mənim on üç yaşım vardı. Sonradan dərk elədim ki, bu kişidə xanəndəlikdən başqa, böyük ağsaqqallıq, müdriklik də var. Səməd Vurğunla Xan əmi həyatda bir-birlərini çox istəyiblər. İndi də Xan əminin duzlu, məzəli söhbətlərini unutmamışam”.

 

İsa bulağında çal-çağır məclisi

 

1955-ci il iyulun 18-də bu iki ayrılmaz dostun son görüşləri də elə Şuşada İsa bulağında oldu. Həmin görüşdə iştirak edən görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi Firudin Şuşinski Xan Şuşinski haqqında yazdığı məqalədə bu görüşü belə təsvir edir: “... Səməd məni Xanın dalınca Ağdama göndərdi. Mən onun 09-61 nömrəli “Pobeda” markalı maşını ilə Ağdama getdim. Mənə dedilər ki, Xan Əhmədavar kəndindədir. Kəndə gələndə gördüm ki, o, tut ağacının altında oturub, tut yeyir, qardaşı Allahyar isə çay içir. Xan məni görcək təəccüblə:

– Boy, o, Firi bala (Xan çox vaxt məni nəvazişlə belə çağırardı), sən hara, bura hara?!

– Yol azmışam, - dedim.

– Ay canım, sən bicin birisən, yol azmazsan. – Sonra yarıciddi halda səsləndi: – Xeyir ola?!

– Dostun gəlib, səni İsa bulağında gözləyir.

Çox maraqlıdır, Xan soruşmadı ki, hansı dostum. Dərhal bildi ki, söhbət Səməd Vurğundan gedir. Sonra başını bulayıb, çiyinlərini çəkdi və gülümsəyərək dedi:

– Ay canım, Səməd ovcunun içini iyləmişdi? Nə bilib ki, mən burdayam?

– Xan, maşın gözləyir, vaxt da keçir, tərpənmək lazımdır, – deyib onun qolundan tutdum, kənddən çıxdıq...

İsa bulağında bu iki dost elə səmimi, elə mehriban qucaqlaşdılar ki, uzun illər bir-birlərinin həsrətində olan doğma qardaşlar kimi görüşdülər.

...Məclis qızışdı. Xan Səmədin ən çox sevdiyi “Mirzə Hüseyn segahı”nı oxudu. Özü də onun “Dünya” rədifli şeirini muğam üçün mətn seçmişdi... Şeir misra-misra səsləndikcə meşənin hər yanından “ay can, ay can, min yaşa, sənə nənəm qurban, şairə eşq olsun!” sədaları ucalırdı. O günü İsa bulağının başqa hüsnü vardı. Sərin meşə, soyuq bulaq, Xanın gözəl səsi, Səməd Vurğunun şair nəfəsi İsa bulağına başqa gözəllik verirdi. Məclisin axırında Xan Səməddən xahiş etdi ki, bir-iki ağız desin. Yaxşı yadımdadır, şair tarzənə dedi:

– Aya, Allahyar, o tarı “Yetim segah” üstündə köklə, bəri ver!

Səməd tarı döşünə basıb, sarı simdə gəzişdi. Bir qədər keçməmiş meşəni yanıqlı və həzin bir səs bürüdü. Bulaq ətrafındakı səkilərdə dincələn yüzlərlə adam bizi dövrəyə aldı.

Hamı heyrətlə Səməd Vurğunu dinləyirdi. O, son dərəcə aydın diksiya ilə Aşıq Ələsgərdən oxuyurdu. Səməd “Segah”ı pəsdən oxuyub qurtaranda meşəni alqış bürüdü. Xanın:

– Əmioğlu, axı, sən Vaqifi çox sevirsən, bəs niyə Vaqifdən yox, Ələsgərdən oxudun? –  sualını eşidən Səməd dərindən “ah” çəkib dedi:

– Ay xan, Vaqif də bizimdir, Ələsgər də. Hər ikisi böyük sənətkardır. Amma nədənsə xəyalımı gəzdirən Qarabağ dağlarını seyr etdikcə istər-istəməz aşıq Ələsgərin “Dağlar” şeiri yadıma düşdü. Xüsusilə, böyük ustadın sözləri ürəyimi titrədir…

Səməd Aşıq Ələsgərin “Dağlar” qoşmasını əzbərdən deyəndə Allahyar tarı ondan alıb, “Kəsmə şikəstə” çalmağa başladı. Xan isə həmin sözləri şikəstə üstündə oxudu.

 

Havalansın Xanın səsi və ya dostların son görüşü

 

O gün Səməd Vurğunun İsa bulağında qurduğu məclis gecədən keçənədək davam etdi. Artıq dan yeri sökülürdü. Meşənin bülbülləri yuxudan oyanmışdılar. Bunu görən Səməd üzünü Xana çevirdi:

– Ay Xan, ayə, eşidirsənmi? Səhər bülbülləri yuxudan oyanıblar.

Xan mehribancasına gülümsəyərək başını buladı:

– Əmioğlu, indi nə demək istəyirsən, nə qayıraq?

Səməd Vurğun yarıciddi, yarızarafatla:

– Necə yəni, nə qayıraq? Niyə görmürsən bu səhər bülbülləri səni yarışa çağırır? Sonra daha ciddi halda: – Onları susdurmaq lazımdır, – dedi.

– Nə ilə? – Xan gülümsər halda dilləndi:

Səməd hökmranə səslə:

– “Qarabağ şikəstəsi” ilə! – sonra vüqarla əlavə etdi: – qoy bu sərin meşələr, əzəmətli dağlar, bizə həsrət-həsrət baxan o nurlu dan ulduzu belə, Qarabağ bülbüllərinin deyişməsini eşitsinlər.

Səmədin bu sözləri hamının ürəyindən oldu. Məclisdəkilər bir ağızdan “Qarabağ şikəstəsi” deyib, Xanı alqışladılar. Şübhəsiz ki, Xanın başqa əlacı yox idi. O, Səmədin və məclisdəkilərin xahişini nəzərə alıb, Allahyara dedi:

– Qardaş, başla görək.

Bir qədər keçməmiş Xanın cazibədar səsi və cingiltili zəngulələri meşəni yenidən rövnəqə gətirdi. Nədənsə bu dəfə Xan şikəstə üstündə çox dərdli-kədərli sözlər oxuyurdu. Elə bil hiss edirdi ki, bir də Səmədlə görüşməyəcək. Təsadüfi deyil ki, şikəstəni bu sözlərlə qurtardı:

İsa bulağının meşəsi,
Sındı qəlbimin şüşəsi.
Dostundan ayrı düşənin
Ağlamaq olur peşəsi.

Xan qavalı yerə qoyar-qoymaz yenə də meşəni alqış sədaları bürüdü. Səməd də son dərəcə məyus idi. Dostunu kədərli görən Xan dilləndi:

– Əmioğlu, yenə nə olub? Niyə pərişansan?

Səməd Xana yaxınlaşıb, onu bərk qucaqladı. Sonra ətrafdakılara nəzər salıb, bir daha Xanı bağrına basaraq vaxtilə sevdiyi bir qıza yazdığı qəzəlin misralarını gözləri yaşarmış halda əzbərdən dedi.

Çox qəribə, həm də maraqlı idi ki, niyə həmin dəqiqələrdə onun yadına məhz bu qəzəlin kədərli sözləri düşdü.

Dünyada nələr olmur? Doğrudan da, o gün heç kəsin ağlına gəlməzdi ki, bugünkü məclis Xan Şuşinski ilə Səməd Vurğunun son məclisidir. Bir də bu iki nəğməkar görüşməyəcək. Bu hadisədən doqquz ay sonra Səməd Vurğun dünyadan köçdü.