Türkiyənin Kahramanmaraş şəhəri 2023-cü ildə botanika-bağçılıq istiqaməti üzrə ixtisaslaşmış dünya sərgisinə (EXPO) ev sahibliyi edəcək. Dünya sərgisi 23 aprel – 31 oktyabr 2023-cü il tarixlərində Kahramanmaraşın Onikişubat Bələdiyyəsi ərazisində təşkil olunacaq.

1 milyondan çox əhalisi olan Kahramanmaraş şəhərinin mərkəzi ilçəsi (rayonu) olan Onikişubatın adı 1920-ci il fevralın 12-də o vaxt Maraş adlanan şəhərin fransız və erməni işğalından qurtuluş tarixi ilə bağlıdır.

“Təbiət dostu şəhər və həssaslıq” devizi altında təşkil ediləcək sərgi Türkiyədə sayca ikinci “Botanika EXPO”su olacaq. 2016-cı ildə belə bir beynəlxalq sərgi Antalyada keçirilmişdi.

Qeyd edək ki, 1851-ci ildə Londonda əsası qoyulan EXPO sərgiləri, ötən müddətdə elmi-texniki tərəqqinin nümayişi olmaqla yanaşı, xüsusilə son onilliklərdə ev sahibi ölkə və şəhərlər üçün özünü dünyaya tanıtmaq baxımından mühüm fürsətə çevrilib. Hazırda EXPO-ya ev sahibliyi etmək ölkələr üçün Olimpiya Oyunlarını qəbul etmək qədər nüfuzlu hadisə sayılır.

2000-ci ildən başlayaraq əsas EXPO sərgisi beş ildən bir keçirilir. 2020-ci ildə (pandemiya səbəbindən 2021-də gerçəkləşdi) EXPO-ya BƏƏ-nin Dubay şəhəri ev sahibliyi etmişdi. 2025-ci ildə EXPO-nu Bakının da yarışdığı mübarizədən qalib çıxan Osako (Yaponiya) qəbul edəcək.

Beynəlxalq Sərgilər Bürosunun qəbul etdiyi əsas EXPO-dan savayı, ayrı-ayrı illərdə xüsusi EXPO sərgiləri (2023-cü ildə növbəti belə sərgi Buenos-Ayresdə keçiriləcək), həmçinin 1960-cı ildən etibarən Beynəlxalq Bağçılıq İstehsalçıları Assosiasiyasının (International Association of Horticultural Producers – IAHP) təşəbbüsü olan “Botanika EXPO”lar da təşkil edilir.

Türkiyənin Kahramanmaraş şəhərinin ev sahibliyi edəcəyi “EXPO – 2023”ə artıq bu ildən ciddi hazırlıq görülür. Sərgidə təbiətin nadir nemətləri ilə yanaşı, qiymətli əl işləri, sənət əsərləri də nümayiş olunacaq. Onlardan biri 90 illik tarixi kəhrəba təsbehdir. Kolleksiyaçılar tərəfindən ilkin olaraq təsbeh 50 min dollar dəyərində qiymətləndirilib. Təsbehi qiymətli edən onun tək olması və təbii kəhrəbadan hazırlanmasıdır. İstanbulun məşhur ustalarından Bəylərbəyi Qalip Başsakanın əl işi olan kəhrəba təsbeh günümüzə qədər qırılmadan qorunub.

V.Kamal