Dünya şöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyi qeyd edilib
Xəbər verdiyimiz kimi, dünya şöhrətli fotoqraf Reza Deqati 70 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif edilib. Azərbaycan əsilli məşhur fotoreportyor ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə təltif edilib.
İyulun 26-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyinə həsr olunmuş “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Yubiley tədbirində Reza Deqatinin fəaliyyətindən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün gördüyü işlərdən, o cümlədən xaricdə və Azərbaycanda təşkil edilən sərgilərindən söhbət açılıb.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək Reza Deqatinin 70 illik yubileyinin qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib. Nazir deyib ki, Reza Deqatinin fotoqraf kimi fəaliyyət göstərdiyi 55 il ərzində dünyanın müxtəlif ölkələrində yüzlərlə sərgisi keçirilib. Onun ən böyük əsəri isə elə öz həyatıdır. Reza Deqati dünyanın ən qaynar nöqtələrində olan insandır və gördüyü hadisələri fotoların dili ilə insanlara çatdırır.
Anar Kərimovun sözlərinə görə, Reza Deqatinin əsərlərinin üç mesajı var: sülh, humanizm və yaddaş.
Mədəniyyət naziri Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra torpaqlarımızın işğalı, xalqımıza qarşı qırğınlar törədilən zaman Reza Deqatinin xaricdə işini buraxaraq ölkəmizə gəldiyini vurğulayıb. Bildirib ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Reza Deqatinin xüsusi xidmətləri var. O, 20 Yanvar hadisələrini, Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini fotolara köçürüb. Onun çəkdiyi fotolarda işğal dövründə Qarabağda ermənilər tərəfindən məhv edilmiş evlər, abidələr və tarixi binalar da əksini tapıb. 44 günlük Vətən müharibəsi zamanı da Reza Deqati Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün fədakarlıq göstərib: “Bildiyiniz kimi, Reza Deqati bir çox beynəlxalq mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Reza Deqati “Dostluq” ordeni ilə təltif edilib. Bu əlamətdar hadisə ilə bağlı mən Reza Deqatini təbrik edirəm”.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Reza Deqatinin öz sahəsində sözünü deyən peşəkar fotojurnalist olduğunu vurğulayıb: “O, dünyanın ən qaynar nöqtələrindən fotolar çəkərək həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Qarabağ hadisələrində Azərbaycan gerçəklərini dünyaya cəsurluqla nümayiş etdirib, Vətən borcunu vicdanla yerinə yetirib. Onun fotoşəkillərinə baxarkən insanlar həm təsirlənir, həm də heyranlıq duyur”.
Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdə keçirilmiş bir çox tədbirlərdə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının layihələrində Reza Deqatinin yaxından iştirak etdiyini deyən Günay Əfəndiyeva bildirib ki, o, Azərbaycan həqiqətləri ilə yanaşı, tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi beynəlxalq müstəvidə nümayiş etdirir.
Sonra Günay Əfəndiyeva Xalq rəssamı Arif Hüseynovun “Xarıbülbül” adlı tablosunu, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından təbrik məktubunu Reza Deqatiyə təqdim edib.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı Elnar Məmmədli, Alban-udi xristian dini icmasının sədr müavini Rafik Danakari çıxış edərək yubilyara təbriklərini çatdırıblar.
Qeyd olunub ki, Təbrizdə dünyaya göz açan Reza ilk dəfə atasına məxsus fotokameranı əlinə götürəndə hələ 14 yaşı tamam olmamışdı. 1979-cu ildə İranda baş verən xalq hərəkatını öz fotokamerasının yaddaşına köçürmək istəyib. Həmin vaxtdan o, fotojurnalist kimi tanınmağa başlayıb. 1981-ci ildə Fransaya köçüb. Dünyanın mədəniyyət mərkəzlərindən olan Paris Şərq mühitində böyümüş fotoqraf üçün yeni bir aləm açıb.
Fransada bir müddət BMT-nin humanitar proqram üzrə məsləhətçisi vəzifəsində çalışan Reza Deqati 1990-cı ildən həyatını Amerikada nəşr edilən məşhur “National Geographic” jurnalı ilə bağlayıb. Jurnalın sifarişlərini yerinə yetirərək müxtəlif ölkələrdə olub. Onun səyahət coğrafiyasının xəritəsi geniş və zəngindir. Bosfordan Çin səddinə, Filippindən Mərkəzi Asiyaya, Livandan Əfqanıstana, Ruandadan Sarayevoya, Yəməndən Bosniyaya, Anqoladan Qafqaza səfər marşrutları, müxtəlif ölkələrlə, müxtəlif insanlarla tanışlıq onun həyat tarixçəsinə yeni-yeni səhifələr yazıb. 115-dən çox ölkədə olan Reza dünyanın tanınmış fotojurnalisti kimi çoxdan şöhrət qazanıb.
Çıxışlarda Reza Deqatinin yorulmadan Azərbaycan həqiqətlərini dünyaya çatdırdığı, fədakarlığı vurğulanıb.
Tədbirdə fransız sənət kuratoru və yazıçısı Pierre BonGiovanninin videomüraciəti yayımlanıb.
Sonda çıxış edən Reza Deqati “Dostluq” ordeni ilə təltif olunmasına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. O, yubiley tədbirini həyatının unudulmaz günü kimi dəyərləndirib və mərasimin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Tədbir bədii proqramla davam edib.