Ankarada Əhməd Cavad haqqında kitabın təqdimatı keçirilib

 

Əhməd Cavad ömrünü, canını, bütün varlığını türkçülük və turançılıq ideyalarına həsr edib. Düşmənləri ideya və təfəkküründən daim təlaş keçirdikləri üçün onun məzarının olmasına belə imkan verməyiblər. Bütün bunlara baxmayaraq, Türkiyə və Azərbaycanın müstəqilliyi yolunda yorulmaz fəaliyyət göstərən istiqlal şairimizin əziz xatirəsi on milyonlarla insanın qəlbində yaşayır. Əhməd Cavad vətənə, torpağa, Azərbaycan-Türkiyə qardaşlığına, bayraqlarımıza ən çox şeir həsr edən poeziya sərrafı kimi əbədi həyat qazanıb.

Bu fikirlər iyulun 27-də Ankaradakı Azərbaycan Evinin “Şuşa” konfrans salonunda “Əhməd Cavad – türk ruhunun söz bayrağı” adlı kitabın təqdimatında vurğulanıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin həmmüəlliflyi ilə Türkiyə türkcəsində nəşr olunan kitabda böyük istiqlal şairinin həyat və fəaliyyəti barədə türkdilli ictimaiyyətə müfəssəl məlumat verilir.

Təqdimat mərasimi Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, TADƏHF rəhbəri Aygün Attar, Ankara Universitetinin rektoru Necdet Ünüvar, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, Azərbaycanda fəaliyyət göstərən “Unity Company” şirkətinin təsisçisi Fikrət Əliyev və başqaları çıxış ediblər.

Türk dünyasının birliyi, tarixi şəxsiyyətlərimizin tanınması, ortaq türk bədii ədəbiyyatının və poeziya aləminin yaranması istiqamətində ümummilli lider Heydər Əliyevin atdığı addımlardan bəhs edən çıxışçılar bildiriblər ki, Prezident İlham Əliyev bu məqsədyönlü siyasəti uğurla davam etdirir. Böyük istiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında dövlət başçısının sərəncamı da bu istiqamətdə atılan addımlardan biridir.

Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qalibiyyətdən də söz açılıb. Əminliklə ifadə olunub ki, Qarabağ Zəfəri ömrünü Azərbaycan və Türkiyənin müstəqilliyi, azadlığı, bütövlüyü yolunda fəda edən Əhməd Cavad kimi böyük insanların şəxsiyyətinə ən böyük ərməğandır.

Çıxışçılar təqdim olunan kitab barədə fikirlərini də bölüşüblər.

Professor Necati Demir “Dədə Qorqud dastanı” kitabından bir neçə nüsxəni səfir Rəşad Məmmədova təqdim edib.

Qənirə Paşayeva Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınları” silsiləsindən “Azərbaycan xanımı” tablosunu Azərbaycan Evinə hədiyyə edib.

Mərasim TADƏHF-nin musiqi qrupunun ifasında bədii hissə ilə davam edib.