Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyi tərəfindən Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Əli Kərimin “Seçilmiş şeirlər” kitabı nəşr edilib. İyulun 28-də Ankaradakı Azərbaycan Evinin “Şuşa” konfrans salonunda kitabın təqdimatı keçirilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın ön söz yazdığı kitab “Bengü” nəşriyyatında çap edilib.
Təqdimatda Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) rəhbəri Aygün Attar, millət vəkili Qənirə Paşayeva, Avrasiya Yazarlar Birliyinin sədri, yazıçı-publisist Yaqub Öməroğlu və başqaları kitab barədə fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, nəşrin hazırlanmasında məqsəd Azərbaycan poeziyasında xüsusi yaradıcılıq xətti ilə seçilən şair Əli Kərimi Türkiyə ictimaiyyətinə daha yaxından tanıtmaqdır.
Aygün Attar qeyd edib ki, “Şuşa” konfrans salonunda davamlı olaraq belə təqdimatların keçirilməsi Azərbaycan ədəbiyyatının təbliği deməkdir.
Qənirə Paşayeva çıxışında Türk dünyasının görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edərək bildirib ki, türk xalqlarının qələm sahibləri bir-birinin tarixindən, mədəniyyətindən yazdıqca bu işlərin təsiri və faydası daha da çoxalacaq.
Əli Kərimin “Seçilmiş şeirlər”inin nəşrini Azərbaycan poeziyasının Türkiyədə daha geniş tanınması üçün yeni addım kimi dəyərləndirən çıxışçılar kitaba görə Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğluna minnətdarlıqlarını ifadə ediblər.