1-14 avqust tarixində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində “Həyat tərzi – mədəni kod” adlı 2-ci “Etno-Fashion” Xalq Yaradıcılığı və Dekorativ-Tətbiqi İncəsənət Festivalı keçiriləcək.
Festival çərçivəsində avqustun 2-dən 5-dək “Kazan Kremli” muzey-qoruğu ərazisində Rusiyanın və müxtəlif ölkələrin dizaynerlərinin kolleksiyaları da nümayiş etdiriləcək. Burada tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Xarıbülbül” və “Qarabağ” kolleksiyaları da təqdim olunacaq.
Festivalın saytında yer alan məlumata görə, geyim nümayişində Rusiya, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Tacikistandan 27 entodizaynerin ümumilikdə 30-dan çox kolleksiyası göstəriləcək.
Festival “2022 – Rusiya Xalqlarının Mədəni İrsi İli” çərçivəsində Rusiyanın Sənaye və Ticarət Nazirliyi, Tatarıstan Respublikası Hökuməti və Avrasiya Etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil edilib.
Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.