Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

731 il əvvəl...

1 avqust 1291-ci ildə İsveçrə Konfederasiyası yaranıb. İsveçrənin üç kantonu (Şvis, Uri, Untervalden) qonşu Avstriyanın hücumlarından birgə müdafiə məqsədilə “əbədi ittifaq” bağlayıb. 1815-ci ildə Avropada yeni sərhədləri müəyyən edən Vyana konqresində  İsveçrənin hazırkı ərazisi müəyyənləşib və ölkə o vaxtdan neytrallıq statusu alıb.

 

549 il əvvəl...

1 avqust 1473-cü ildə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu dövlətinin (1468-1501) qoşunları ilə Osmanlı ordusu arasında Malatya döyüşü olub. İki türk dövləti arasında bölgəyə nəzarət uğrunda müharibənin ilk döyüşü Ağqoyunluların qələbəsi ilə nəticələnsə də, on gün sonra Osmanlı ordusu Otluqbeli (Tərcan) döyüşündə Ağqoyunlu qoşunlarını ağır məğlubiyyətə uğratdı.

 

239 il əvvəl...

4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı) Rusiyanın himayəsinə keçməsinə dair Georgiyevsk traktatı imzalanıb. Şimali Qafqazdakı Georgiyevsk qalasında (indiki Stavropol diyarında) bağlanan saziş çar II İraklinin Rusiyaya  müraciətinə əsaslanırdı. Gürcü çarlığını Osmanlı və İrandan qorumağı öhdəsinə götürən Rusiya 1801-ci ildə bölgəni özünə birləşdirdi.

 

124 il əvvəl...

2 avqust 1898-ci ildə Bakıda ilk dəfə kino nümayiş olunub. Fotoqraf və operator Aleksandr Mişon şəhərdə çəkdiyi bir neçə kinosüjeti kütləyə göstərib. Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamına əsasən, 2 avqust “Azərbaycan kinosu günü” elan olunub.

 

104 il əvvəl...

1 avqust 1918-ci ildə Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi və Fəhlə-Əsgər Deputatları Soveti Müvəqqəti Komitəsinin diktaturası” adlı mürtəce qurum yaradılıb. Bir gün öncə süqut edən “Bakı Kommunası”nı əvəzləyən yeni qurum da, bolşeviklər kimi, Cümhuriyyət hökumətinin Bakıya gəlişinin qarşısını almağı məqsəd güdürdü. Lakin bu onlara müyəssər olmadı. İrandakı ingilis qoşunlarının köməyə çağırılması da işə yaramadı. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi.

 

82 il əvvəl...

2 avqust 1940-cı ildə Moldova SSR-in yarandığı elan edilib. Sovet İttifaqının yeni respublikası Rumıniyadan qoparılan Bessarabiya ilə Ukrayna SSR-in tərkibində olan Moldova MSSR-in (indiki Dnestryanı bölgəsini əhatə edən muxtariyyət 1924-cü ildə təşkil edilmişdi) birləşdirilməsi nəticəsində yaradılmışdı.

 

47 il əvvəl...

1 avqust 1975-ci ildə Helsinkidə (Finlandiya) Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə müşavirənin Yekun Aktı imzalanıb. 1973-cü ildə başlanan müzakirələr Varşava bloku ölkələri ilə NATO dövlətləri arasında ümumi təhlükəsizliyə dair dialoqun başlanğıcı idi. Helsinki Yekun Aktı gələcək ATƏT-in təməl sənədi (proqramı) oldu. 1990-cı ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) beynəlxalq təşkilat statusu aldı, 1994-cü ildə Budapeşt sammitində isə ATƏT adlandı.

 

32 il əvvəl...

2 avqust 1990-cı ildə İraq qoşunları Küveyti işğal edib, ölkənin rəhbərliyi qonşu Səudiyyəyə qaçıb. Səddam Hüseyn Küveyti İraqın əyaləti elan edib. ABŞ başda olmaqla beynəlxalq birlik İraqın təcavüzünə dərhal münasibət bildirdi, BMT TŞ tərəfindən müvafiq qərar qəbul edildi. İraqla nəticəsiz danışıqlar 6 ay sürdü, 1991-ci ilin yanvarında “Səhrada tufan” əməliyyatı ilə İraqın təcavüzünə son qoyuldu.

 

21 il əvvəl...

1 avqust 2001-ci ildə Azərbaycan ərazisində bütün idarə-müəssisələr,  Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Bu tarixi proses Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşib. 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” elan edilib.

 

19 il əvvəl...

4 avqust 2003-cü ildə Milli Məclisin növbədənkənar sessiyasında ARDNŞ-nin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması barədə Prezident Heydər Əliyevin təqdimatı təsdiq edilib. Ankarada Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunan Heydər Əliyev müvafiq təqdimatı avqustun 2-də Milli Məclisə göndərmişdi.

Hazırladı: V.Orxan