O, ötən əsrin əvvəllərində qadınların səhnəyə çıxa bilmədiyi bir zamanda, xanım obrazlarını ustalıqla yaradıb. Opera sənətimizin görkəmli səs ifaçılarından olan Xalq artisti Məmmədtağı Bağırov dramatik aktyor keyfiyyətləri ilə bərabər, həm də şaqraq və məftunedici bariton səsi ilə sənətdə iz qoyub.
Məmmədtağı Abbas oğlu Bağırov 5 avqust 1890-cı ildə Bakı şəhərində fəhlə ailəsində dünyaya göz açıb. İki il mollaxanada oxuduqdan sonra beş il rus-tatar məktəbində təhsilini davam etdirir. Erkən çağlardan teatra maraq göstərir. Tez-tez “Nicat” Xeyriyyə Cəmiyyətinə gedir. Cəmiyyətin nəzdində fəaliyyət göstərən teatr truppası ilə maraqlanır. Fitrətən dramatik aktyor keyfiyyətləri olan Məmmədtağı ilk gündən diqqət çəkir. Məşqlər zamanı şaqraq, axıcı və məftunedici bariton səsi hər kəsdə dərin maraq doğurur. İfa etdiyi partiyalarda obrazın səs təcəssümünü, psixoloji-bədii xarakterini məharətlə canlandırır. Həm də sevinc və kədəri, üzləşdiyi çətinlik və tərəddüdləri plastik hərəkətlərində uğurla, maraqla təcəssüm etdirir. Bir müddət sonra kollektiv onu öz sıralarına qəbul edir.
Məmmədtağı Bağırovun səhnədə ilk debütü 1909-cu ildə “Nicat” teatr truppasında göstərilən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında xorun tərkibində olur. Bir müddət dram və komediya tamaşalarında epizodik rollarda səhnəyə çıxır. 1913-cü ildən başlayaraq M.Bağırov opera və operetta tamaşalarında solist kimi çıxış edir. Uzun müddət “Səfa”, Hüseynqulu Sarabskinin “Müsəlman opera artistləri”, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” teatr truppalarında fəaliyyət göstərir.
Hələ gənc ikən tamaşaçı rəğbəti qazanan aktyor özünə “Əraqi” təxəllüsü götürür. Araşdırmalarda qeyd edilir ki, bəzi proqram afişalarında aktyorun təxəllüsü “İraqi” kimi də verilib.
M.Bağırov 1920-1925-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının (indiki Akademik Milli Dram Teatrı) opera truppasında fəaliyyət göstərir. O, 1925-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəyişilir. Milli operada eyni zamanda rus truppasında dünya klassiklərinin mürəkkəb və müxtəlif obrazlarının partiyalarını oxuyur. Azərbaycan musiqisinin, habelə dramaturgiyasının əvəzsiz nümunəsi sayılan “Arşın mal alan” musiqili komediyasının ilk səhnə quruluşunda (1913) M.Bağırovun zəhməti olub. O, operettanın maraqlı surətlərindən olan Süleyman və Soltan bəyi yaradıb. Aktyor oynadığı Əziz ağa (“Lənkəran xanının vəziri” – M.F.Axundzadə), Kəndli, Əcinnə, Dərviş, Mustafa xan (“Bəxtsiz cavan”, “Pəri cadu”, “Dağılan tifaq” və “Ağa Məhəmməd şah Qacar” – Ə.Haqverdiyev), Yaralı zabit, Xalid (“Ədirnə fəthi” və “Ulduz, yaxud Trablis müharibəsi” – C.Cabbarlı), Kor ərəb, İxtiyar (“Şeyx Sənan” və “İblis” – H.Cavid), Fəraməz (“Dəmirçi Gavə” – Ş.Sami), Cansuar (“Şahın bərbəri” – A.Lunaçarski) və digər obrazların öhdəsindən məharətlə gəlib.
Sənətkarın ən yaddaqalan partiyaları isə Kərəm və Hələb paşası, Nofəl və Leylinin atası, Həsən xan (“Əsli və Kərəm”, “Leyli və Məcnun” və “Koroğlu” – Ü.Hacıbəyli), Aslan şah (“Şah İsmayıl” – M.Maqomayev), Onegin (“Yevgeni Onegin” – Pyotr Çaykovski), Doktor Bartolo (“Sevilya” – C.Rossini), Süleyman, Əsgər və Soltan bəy, Rüstəm bəy və Məşədi İbad (“Arşın mal alan” və “Məşədi İbad” – Ü.Hacıbəyli), Kərəm kişi (“Durna” – S.Rüstəm və S.Rüstəmov) hesab edilir. Aktyor səhnəmizdə milli aktrisaların olmadığı 1915-1919-cu illərdə “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl” operalarında Əsli və Ərəbzəngi partiyalarını məharətlə ifa edib.
M.Bağırov milli səhnəmizin Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Sona Hacıyeva, Fatma Muxtarova, Hüseynağa Hacıbababəyov, Həqiqət Rzayeva kimi ustad sənətkarları ilə bərabər çalışıb, bu sənətin inkişafına öz töhfəsini verib. Əməyi yüksək qiymətləndirilən sənətkar 1933-cü ildə “Əməkdar artist”, 1938-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Azərbaycan vokal sənətini bənzərsiz ifaları ilə zənginləşdirən Məmmədtağı Bağırov 16 aprel 1961-ci ildə Bakıda vəfat edib.
Savalan Fərəcov