Növbəti təlim-seminarlar Sumqayıt və Ağcabədidə keçirilib

 

Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək” adlı layihəsi davam edir. Layihə çərçivəsində növbəti təlim-seminar Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Sumqayıtın Tarixi Muzeyində təşkil edilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, muzeyin direktor müavini Təranə Qurbanova, baş mühafiz Sevinc Əliyeva, şöbə müdiri Nigar Xankişiyeva, aparıcı elmi işçi Raminə Məmmədovanın iştirakı ilə keçirilən seminara regional idarənin əhatə etdiyi Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonları üzrə tarix-diyarşünaslıq və ev-muzeyləri, rəsm qalereyası və Heydər Əliyev mərkəzlərinin direktorları, fond mühafizləri, elmi işçiləri cəlb olunublar. Ümumilikdə təlim-seminarda 11 mədəniyyət müəssisəsindən 27 əməkdaş iştirak edib.

Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev qonaqları salamlayaraq, tədbir haqqında ətraflı məlumatı təqdim edib. O, Azərbaycanda bu gün muzey işinin inkişaf etdirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən lazımi tədbirlər görüldüyünü qeyd edərək muzeylərin respublikamızda zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rolundan danışıb.

Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova muzeyin 55 illiyi ilə bağlı təqdimatla, eləcə də “Muzey sahəsində müasir çağırışlar”, “Dünya muzeyləri” mövzularında çıxış edib, baş mühafiz Sevinc Əliyeva fond və mühafizə işi, aparıcı elmi işçi Raminə Məmmədova muzeydə tətbiq edilən KAMİS – “Kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi” barədə danışıblar.

Sumqayıtın Tarixi Muzeyinə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşr etdirdiyi kitablar, notlar, bukletlər hədiyyə edilib.

***

Layihə üzrə növbəti təlim-seminar Ağcabədi Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağcabədi, Ağdam və Laçın rayonları üzrə tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün təşkil edilib. Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirə 8 mədəniyyət müəssisəsindən 22 əməkdaş qatılıb.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və elmi fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən aparılan təlim-seminar “Muzey sahəsində müasir çağırışlar”, “Fond və mühafizə işi”, “Dünya muzeyləri” mövzularını əhatə edib.

Qeyd edək ki, “Muzeyi peşəkardan öyrənək” layihəsi region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirməyə, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

Layihənin digər regionlar üzrə muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.