Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və infrastruktur layihələrinə sərmayə qoyacaq.
Bu barədə avqustun 2-də Daşkənddə Azərbaycan, Özbəkistan və Türkiyə nazirlərinin üçtərəfli görüşünün sonunda imzalanmış bəyannamədə qeyd olunub.
Görüşdə üç ölkənin xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak ediblər. Azərbaycan XİN-dən bildiriblər ki, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev gündəlikdə duran mövzular üzrə çıxış ediblər.
Üçtərəfli görüşdə iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın tam potensialının reallaşdırılması üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb, energetika sahəsində, xüsusilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd olunub.
Sonda Daşkənd Bəyannaməsi imzalanıb və xarici işlər nazirləri üçtərəfli görüşün nəticələrinə dair mətbuata açıqlama veriblər.
“Tərəflər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə investisiya qoyaraq Azərbaycanın döyüşlərdən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyin önəmini vurğulayırlar və Azərbaycan tərəfi, türk və özbək şirkətlərinin Azərbaycanın azad edilmiş torpaqlarının bərpası və yenidənqurması istiqamətində infrastruktur layihələrində iştirakını təqdir edir”, – bəyannamədə vurğulanır.
Sənəddə beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından Zəngəzur dəhlizinin açılmasının önəmi qeyd olunur. Bəyannamədə həmçinin hər üç dövlətin suverenliyini və ərazi bütövlüyünü təhdid edən fəaliyyətlərə qarşı bir-birilərinin səylərini beynəlxalq hüquqa uyğun olaraq dəstəklədikləri ifadə edilib.
Daşkənd görüşü barədə XİN-in məlumatında o da diqqətə çatdırılır ki, Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq ortaq tarixə, birgə mədəniyyətə və dəyərlərə əsaslanır. Bildirilir ki, möhkəm ikitərəfli əlaqələr və ölkələr arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinə dayanan əməkdaşlıq regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı fəaliyyəti də gücləndirəcək.