Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un “Şərəf” medalı ilə təltif olunub.
Medalı Qənirə Paşayevaya TÜRKSOY-un Baş katibi Sultan Raev Ankarada təşkilatın qərargahında təqdim edib.
Millət vəkili TÜRKSOY-un yüksək təltifinə bu qurumla sıx əməkdaşlığına, ümumilikdə Türk dünyasında mədəni əlaqələrin gücləndirilməsi işinə töhfələrinə görə layiq görülüb.
Təqdimat mərasimində çıxış edən Qənirə Paşayeva bu il yaranmasının 30-cu ildönümü tamam olan TÜRKSOY-un zəngin təcrübəsindən, ortaq keçmişdən ortaq gələcəyə gedən ulu yola xidmətlərindən danışıb. O, qurumun Qarabağda, Şərqi Zəngəzurda erməni vandalizminə məruz qalan Azərbaycan mədəni irsinə diqqətini, habelə Qarabağ əsilli klassik sənətkarların yubileyinə həssas münasibətini yüksək qiymətləndirib. Azərbaycanın haqq savaşına dəstək verən TÜRKSOY-a, ümumilikdə Türk dünyasına minnətdarlığını bildirən komitə sədri Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin böyük rəmzi məna daşıdığını vurğulayıb.
Yüksək təltifə görə TÜRKSOY rəhbərliyinə minnətdarlığını bildirən Qənirə Paşayeva Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun “Türk dünyası qadınları” silsiləsindən üç tablonu quruma hədiyyə edib.