Masallı RMİ Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində “Şuşa İli”nə həsr olunmuş tədbirlər çərçivəsində “Bir şəhid, bir şahid” tamaşası nümayiş olunub.
Yazıçı-publisist Nurəddin Ədiloğlunun “Vətən pərvanələri” pyesinin motivləri əsasında səhnələşdirilən tamaşada şəhid qardaşlar – 2016-cı ilin Aprel döyüşlərində həlak olmuş Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin igidliyindən bəhs edilib, Ordumuzun cəsur əsgər və zabitlərinin rəşadəti obrazlı təsvir olunub.
Tamaşadan sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhidlərin hər zaman xalqımızın qəlbində yaşayacağını vurğulayıb. Şəhidlər Nurlan və İntiqam Əsgərlinin anası Ziba Əsgərova qəhrəman övladları ilə qürur duyduğunu deyərək tədbirin təşkilatçılarına və yaradıcı kollektivə minnətdarlığını bildirib.
Qeyd edək ki, tamaşa Masallı RMİ-nin dəstəyi, Masallı və Cəlilabad Xalq teatrlarının, həmçinin Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə hazırlanıb. Səhnə işinin quruluş müəllifi Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyev, musiqi və səhnə tərtibatçıları Ruslan Zahidov və Elsevər Əliyevdir.