VII Hun-Türk Qurultayında ölkəmiz də təmsil olunub

 

12-14 avqust tarixində Macarıstanın Buğac bölgəsində, Kişkunşaq milli parkının ərazisində VII Hun-Türk Qurultayı keçirilib. Avropada ən böyük ənənəvi tədbirlərdən sayılan, Türk dünyasının birliyini təcəssüm etdirən qurultayda 20-dən çox türksoylu xalq təmsil olunub. Qurultay tədbirləri Macarıstanın paytaxtı Budapeştdə, həmçinin Keçkement, Şiofok şəhərlərində də gerçəkləşib.

Tədbirə Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstandan nümayəndə heyətləri də qatılıb.

Açılış mərasimində Macarıstan Parlamentinin sədri Laslo Köver, Türkiyənin sabiq Baş naziri və TBMM-in keçmiş spikeri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Əzəmət Jamankulov və digər qonaqlar çıxış ediblər.

Macar-Turan Fondunun təşkilatçılığı ilə keçirilən tədbirə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da dəstək verib. Fondun prezidenti Günay Əfəndiyeva qurultay iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubda vurğulanır ki, qurultayın hər bir iştirakçısı minilliklərə söykənən mədəniyyətin davamçısı və parçası olduğu üçün böyük fəxarət duyur. Qurultayda türk xalqlarının milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsi Avropa məkanında maddi-mənəvi dəyərlərimizin tanıdılması baxımından da önəmli rol oynayır.

Fondun prezidenti türk xalqları arasında birlik və bərabərliyin möhkəmləndirilməsində son dərəcə əhəmiyyətli olan növbəti Hun-Türk Qurultayının təşkili münasibətilə Macar-Turan Fondunun prezidenti Andraş Bironu və əməyi keçən hər kəsi təbrik edib: “Bu cür maraq və əks-səda doğuran tədbirlərin, qürurlu anların Türk dünyasının dörd bir yanında, o cümlədən Bursada və Şuşada, Türküstanda və Oşda, Səmərqənddə və Mərvdə də təşkil olunması mühüm önəm daşımaqdadır. Beləliklə, türklər olaraq öz şanlı keçmişimizi bir daha xatırlayacaq, bugünümüzə nəzər salacaq və güc alaraq, əl-ələ parlaq gələcəyə doğru irəliləyəcəyik”.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində ölkəmizin sənətçilər qrupu – xanəndələr Nuriyyə Hüseynova, Qoçaq Əsgərov, tarzən Arslan Növrəsli, nağara ifaçısı Kamran Kərimov, kamança ifaçısı Elnur Mikayılov və “Odlar Yurdu” rəqs qrupu tədbirdə iştirak edib. Sənətçilərin Türk dünyasının zəngin musiqisini əks etdirən ifaları maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.

İki ildə bir dəfə keçirilən Hun-Türk Qurultayına Avropanın bir çox yerlərindən turistlər gəlir. Tədbirin məqsədi Türk dünyası mədəniyyət nümunələrinin nümayiş etdirilməsidir. Ötən illərdə olduğu kimi, bu il də 100-dən çox alaçıqdan ibarət nəhəng, köçəri düşərgə salınıb. Teatrlaşdırılmış şou-proqramlar, musiqili tamaşalar, arxeoloji-antropoloji sərgilər, sənətkarların əl işlərinin yarmarkası təşkil edilib. Macar çölünü qılınc səsləri, ox vıyıltısı bürüyüb. Keçmişdə olduğu kimi, qədim musiqi aləti – şan-qopuzun və şaman dəflərinin səsi ətrafa yayılıb.