TÜRKSOY tərəfindən 2022-ci il üzrə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilən Bursanın daha bir təqdimatı bu günlərdə Macarıstanda – ənənəvi Böyük Hun-Türk Qurultayı çərçivəsində keçirilib. 

“Əcdadları anma günü” devizi ilə Macarıstanın tarixi Buğaç yaylasında düzənlənən ənənəvi qurultay öncəsi TÜRKSOY, Bursa Böyükşəhər Bələdiyyəsi, Yunus Əmrə İnstitutu və Türkiyənin Macarıstandakı Səfirliyinin birgə əməkdaşlığı ilə “Budapeştdə Bursa günləri” təşkil edilib.

Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Bursa Böyükşəhər Bələdiyyənin başqanı Alinur Aktaş, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, Yunus Əmrə İnstitutunun vitse-prezidenti Abdullah Kutalmış iştirak ediblər.

Proqramda çıxış edən Sultan Raev 2012-ci ildə başlanılan layihə üzrə  9 şəhərin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” adını daşıdığını və 2022-ci ildə bu estafeti Türkiyənin ən seçkin şəhərlərindən biri olan Bursanın qəbul etdiyini diqqətə çatdırıb. Baş katib “Türk Dünyasının Mədəniyyət Paytaxtı” şəhərləri ilə “Avropanın Mədəniyyət Paytaxtları” arasında qarşılıqlı əlaqənin artırılması məqsədilə TÜRKSOY-un son beş ildə mühüm işlər gördüyünü vurğulayıb. “İnanırıq ki, 2023-cü ildə də Avropanın Mədəniyyət Paytaxtı seçilən Macarıstanın Vesprem və “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Azərbaycanın Şuşa şəhərləri arasında bu proses daha yüksək səviyyədə davam edəcək”, – deyə o bildirib.

Alinur Aktaş çıxışında Türkiyənin ən gözəl şəhərlərindən olan Bursa ilə Macarıstanın paytaxtı Budapeşti bir araya gətirən təşkilatçılara minnətdarlıq edib. 

Çıxışlardan sonra Bursa Böyükşəhər Bələdiyyəsi Orkestri və “Qaragöz” xalq oyunları qrupları tərəfindən konsert verilib.

Qonaqlar “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursanın və İznik 4-cü Dünya Köçəri Oyunlarının təqdimat filmlərinə baxdıqdan sonra ənənəvi əl işləri emalatxanaları və şəhərin tarixi-mədəni sərvətlərini əks etdirən fotosərgi ilə tanış olublar.

Mehparə Sultanova
Ankara