Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

388 il əvvəl...

19 avqust 1634-cü ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində Sultan IV Muradın qoşunları İrəvan qalasını ələ keçiriblər. Lakin Osmanlı qoşunları İrəvan qalasını uzun müddət əlində saxlaya bilmədi. Müharibənin yekunları ilə bağlı imzalanan Qəsri-Şirin sülh müqaviləsinə (1639) görə, Qərbi Gürcüstan Osmanlı imperatorluğunun, İrəvan daxil olmaqla Qərbi Azərbaycan torpaqları və Şərqi Gürcüstan Səfəvi dövlətinin əlində qaldı.

 

158 il əvvəl...

22 avqust 1864-cü ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) yaranıb. Müharibə qurbanlarına humanitar yardım göstərilməsini ön görən təşkilatın təşəbbüsçüsü İsveçrə vətəndaşı Anri Dünan idi. Cenevrədə toplanan 12 dövlətin nümayəndələri təşkilatın əsas sənədlərindən birini – müharibələr zamanı yaralı əsgərlərə yardım göstərilməsi haqqında konvensiyanı imzalayıblar.

 

103 il əvvəl...

18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkə sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Hərbi Nazirliyin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli fərmanı ilə 18 avqust “Sərhəd qoşunları günü” elan edilib.

19 avqust 1919-cu ildə Əfqanıstan dövlət müstəqilliyini elan edib. Əfqanıstan XIX əsrdə Britaniyanın nəzarətinə keçmişdi. 1929-1973-cü illərdə Əfqanıstanda monarxiya (şah) rejimi, 1973-cü ildə Zahir şah devrildikdən sonra respublika elan edilib. 1979-1989-cu illərdə SSRİ-nin qurduğu rejim hakimiyyətdə olduğu dövrdə ölkədə ağır vətəndaş müharibəsi gedib. 1996-cı ildə Əfqanıstan İslam Respublikası elan edilib.

 

62 il əvvəl...

20 avqust 1960-cı ildə Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Seneqal müstəqilliyini elan edib. Seneqal 1880-ci ildə Fransanın müstəmləkəsinə çevrilmişdi.

 

54 il əvvəl...

20 avqust 1968-ci ildə Çexoslovakiya ərazisinə sovet və “Varşava bloku”na daxil olan digər ölkələrin qoşunları (ümumilikdə 300 minlik kontingent)  yeridilib. Hərbi müdaxilə Çexoslovakiya Kommunist Partiyası rəhbərlərinin dəvəti üzrə həyata keçirilmişdi. Bununla “Praqa baharı”na (1968-ci ilin yazında Çexoslovakiya hökumətində baş verən köklü dəyişikliklər, Moskvanın diktə etdiyi kursdan imtina) son qoyuldu.

 

31 il əvvəl...

19-21 avqust 1991-ci ildə SSRİ-də dövlət çevrilişinə cəhd baş verib. Krımda istirahətdə olan Prezident Mixail Qorbaçov təcrid edilib, ölkəni idarə etmək üçün vitse-prezident Gennadi Yanayevin də daxil olduğu Dövlət Fövqəladə Vəziyyət Komitəsi (“QKÇP”) yaradılıb. “QKÇP” hakimiyyəti üç gün sürdü. Moskvada legitim hakimiyyətin müdafiəsinə qalxan əhali ilə hərbçilər arasında toqquşmada 3 gənc həlak oldu. Avqustun 22-də dövlət çevrilişinə cəhdin başında duran qrup (DTK sədri V.Kryuçkov, müdafiə naziri D.Yazov, vitse-prezident G.Yanayev və s.) həbs olundu. Daxili işlər naziri B.Puqo intihar etdi. “QKÇP” SSRİ-nin dağılmasını sürətləndirdi.

 

30 il əvvəl...

20 avqust 1992-ci ildə Azərbaycan ərazisindən sovet (Rusiya) qoşunlarının çıxarılması ilk olaraq Naxçıvandan başlanıb. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən qərara və müvafiq razılaşmaya əsasən, keçmiş SSRİ ordusunun 75-ci motoatıcı diviziyasının şəxsi heyəti muxtar respublikanı tərk edib, əmlakı isə Azərbaycan Ordusunun Naxçıvandakı hissələrinə verilib. Azərbaycan ərazisindən Rusiya qoşunlarının çıxarılması prosesi 1993-cü ilin mayında başa çatdı.

 

29 il əvvəl...

22 avqust 1993-cü ildə Lənkəranda Ələkram Hümbətovun qondarma rejiminə (“Talış-Muğan Respublikası”) qarşı xalqın kütləvi aksiyası başlanıb. Ali Sovetin sədri, Prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin televiziya ilə müraciətindən sonra minlərlə sakin dövlətçiliyin müdafiəsi üçün mitinqə çıxıb. Mitinq Ə.Hümbətovun dəstəsi tərəfindən atəşə tutulub, 3 nəfər həlak olub. Ə.Hümbətov cinayətkar dəstəsi ilə dağlara qaçıb. Avqustun 23-də Lənkəran və ətraf rayonlarda qanuni hakimiyyət bərpa olundu. Ə.Hümbətov və dəstəsi həmin ilin payızında ələ keçirildi.

 

22 il əvvəl...

22 avqust 2000-ci ildə Azərbaycan Respublikasının ikinci Prezidenti Əbülfəz Elçibəy (1938-2000) Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) vəfat edib. Ə.Elçibəy avqustun 23-də Bakıda, Fəxri xiyabanda dəfn olundu.

Hazırladı: V.Orxan