Laçın şəhərindən otuz il əvvəl məcburi köçkün düşən və respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşan həmvətənlərimizin doğma yurda qayıdışa hazırlanması barədə Prezident İlham Əliyevin verdiyi tapşırığın icrasına başlanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, bu məqsədlə Laçın rayonunun bir qrup sakini ilə görüş keçirilib.
Görüşdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.
Laçınlılar məcburi köçkünlük dövründə onlara hərtərəfli dövlət qayğısı göstərildiyini bildirərək, ata-baba torpaqlarına qayıtmaq arzularını gerçəkləşdirdiyi üçün Prezident İlham Əliyevə minnətdarlıq ediblər. Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işlər dərin razılıq hissi ilə qeyd edilib.
Dövlət Komitəsinin Böyük Qayıdışa hazırlıq məqsədilə gördüyü işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bir daha diqqətə çatdırılıb ki, məcburi köçkünlüyü başa çatan vətəndaşların könüllü, təhlükəsiz şəraitdə və ləyaqətlə doğma yurda qayıdışını təmin etmək üçün dövlətimizin başçısının tapşırığı ilə bütün lazımi tədbirlər həyata keçirilir.
Görüşdə qayıdışa hazırlıq və köçürülmənin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Laçınlılar doğma yurda qayıdıb, onun sosial-iqtisadi inkişafına, işğalın fəsadlarının aradan qaldırılmasına töhfə verməyə, dağlar qoynundakı şəhəri dirçəltməyə hazır olduqlarını bildiriblər.