“Səhnə” teatrı narkomaniya əleyhinə tamaşasını təqdim edib
Bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda daha bir səhnə əsəri hazırlanıb. Müstəqil “Səhnə” teatrının “Qaranlıqdan işığa” adlı tamaşası narkomaniyaya aludə olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı həyatdan və ailəsinə gətirdiyi faciələrdən bəhs edir.
Tamaşa ilk olaraq 16 avqustda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında oynanılıb. Nümayişdən əvvəl həkim-narkoloq Asif Kəngərli “Narkomaniya, alkoqolizm və tabakomaniyanın fəsadları” mövzusunda çıxış edib.
Sonra tamaşa göstərilib. Səhnə əsərinin müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Rolları Ramil Məmmədov, Anar Həsənzadə, Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza oynayırlar.
Maraqla qarşılanan tamaşanın 20 avqustda Şüvəlan, 25 avqustda isə Əmircan qəsəbələrindəki mədəniyyət evlərində nümayişi nəzərdə tutulur.