Ömrünün yarıdan çoxunu Türkiyədə yaşayan şair haqqında kitabın təqdimatı

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin həmmüəllifliyi ilə Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi Almas İldırımın həyat və yaradıcılığından bəhs edən kitab işıq üzü görüb.

“Bir Vətəndən bir Vətənə Almas İldırım” kitabının İstanbulda – Türk Ədəbiyyatı Vəqfində təqdimatı olub.

“Türk ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşarın aparıcılığı ilə keçirilən tədbirdə görkəmli şairin həyat və yaradıcılığı haqqında məlumat verilib.

Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Serhat Kabaklı Almas İldırımın Azərbaycan qədər Türkiyə üçün də əziz olduğunu bildirib, özəlliklə Elazığda onun irsini çoxlarının bildiyini vurğulayıb. Vəqf başqanı Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələri barədə də fikirlərini bölüşüb.

Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya kitabın İstanbulda nəfis tərtibatla işıq üzü gördüyünü bildirərək, təqdimat mərasiminin keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Azərbaycanın qurtuluşu uğrunda mübarizə aparan və ömrünün böyük hissəsini qardaş ölkədə, Elazığda keçirən Almas İldırımın (1907-1952) anadan olmasının 115-ci ildönümü münasibətilə hazırlanan kitabın müstəqil Azərbaycan aydınlarının vəfa borcunun ifadəsi olduğu vurğulanıb. “İnanırıq ki, qardaş ölkəmizin oxucuları, qədirbilən aydınları bu kitab vasitəsilə Almas İldırımın həyat və yaradıcılığına yenidən nəzər salacaqdır. Heç təsadüfi deyil ki, ev sahibi qurumun təsisçiləri də Elazığlıdır və Almas İldırımın həyat və yaradıcılığı Bakı qədər Elazığ üçün də əzizdir” deyən Qənirə Paşayeva Azərbaycan ədiblərinin xatirəsini daim əziz tutduqları üçün türk xalqına və dövlətinə təşəkkür edib.

Komitə sədri Mustafa Kamal Atatürkün Elazığda Almas İldırımın yaşamı, yaradıcılığı, əhvalı barədə soruşarkən, şairin “Sayın Cümhurbaşqanım, hər şey yaxşıdır, bircə Xəzər yoxdur” deməsi üzərinə Atatürkün Elazığdakı gölün adının Xəzər olaraq dəyişdirilməsi təlimatı verdiyini xatırladıb: “Hesab edirik, Xəzər gölünün sahilində, Almas İldırımın bir abidəsinin ucaldılması tarixi irsə sayğı olar, Almas İldırımın da ruhunu şad edər. İkinci xahişimiz və təklifimiz Almas İldırımın dəfn olunduğu Malatyada da bir xatirə abidəsinin qoyulması ilə bağlıdır. Ümidvarıq, əlaqədar bələdiyyələr, digər qurumlar bu xahişlərimizə, təkliflərə müsbət yanaşar...”.

Təqdimatda Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, “UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev və başqaları çıxış edərək kitab barədə fikirlərini bölüşüblər. Almas İldırımın sözlərinə yazılmış mahnılar səslənib.