Mikayıl Abdullayevin vəfatından 20 il ötdü

 

“Azərbaycan, doğma vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram”.

Bu sözlərin müəllifi milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Mikayıl Abdullayevdir. Avqustun 21-də Mikayıl Abdullayevin (1921 – 2002) vəfatının 20-ci ildönümü tamam oldu.

O, əlinə fırça aldığı gündən könlünü rənglər aləminə əbədi məhəbbətlə bağladı. Gözlərinin seçdiyi, əllərinin isitdiyi mövzuları kətan üzərində elə ustalıqla işləyirdi ki, fırçasından süzülən hər əsər bir sənət incisinə çevrilirdi. Rəssam təsviri sənətin bütün sahələrində - dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s. əsərlər yaradıb. Onun əsərlərinə sakit ürəklə baxıb keçmək olmur. Hər bir ştrixi, xətti, rəngi düşündürücüdür...

Bakıda fəhlə ailəsində anadan olan Mikayıl Abdullayev əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində oxuyub, sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə müharibənin başlanması ilə əlaqədar təhsili yarımçıq qalıb. Müharibədən sonra  Moskvada təhsilini davam etdirib, İ.E.Qrabar, V.V.Fakorskaya, S.V.Gerasimov kimi məşhur rəssamlardan dərs alıb. 1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgisində “Axşam” əsəri ilə iştirak edib. Bu əsər gənc rəssama böyük uğur gətirib. Bunun ardınca sənət nailiyyətləri bir-birini əvəz etməyə başlayıb. “Mingəçevir işıqları” əsəri Moskvada və Budapeştdə (Macarıstan) sərgilənib. İlk fərdi sərgisi də Moskvada keçirilib. O, Bakıya qayıdanda artıq tanınmış rəssam idi.

Müasirlərinin mənəvi aləmini, Azərbaycan təbiətinin gözəlliklərini, qurub-yaradan insanların fədakar əməyini tablolarında əks etdirən Mikayıl Abdullayev milli təsviri sənətimizə bədiilik gətirən rəssamlardan sayılır. O, həyatı da, insanları da gördüyü və duyduğu kimi kətan üzərində əks etdirirdi. Bu səbəbdən də onun bütün əsərlərində ifadəlilik hökm sürüb.

Mikayıl Abdullayevin qəhrəmanları çox olub. Xatirələrində də bu barədə söz açılır, amma onun yaddaşında dərin iz salan böyük bəstəkar Üzeyir Hacıbəyli ilə görüşləridir. Teatr muzeyinin yaradılması ilə əlaqədar ekspozisiyada Üzeyir Hacıbəylinin də portreti olmalı idi. Bu şərəfli işi Mikayıl Abdullayevə tapşırıblar. O vaxta kimi Üzeyir bəy heç bir rəssama razılıq verməyib ki, onun portretini çəksin. Bu xoşbəxtlik Mikayıl Abdullayevə qismət oldu ki, üç dəfə Üzeyir Hacıbəylinin portretini naturadan çəkdi.

Sonralar qələmə aldığı “Unudulmaz obraz” adlı məqaləsində Mikayıl Abdullayev yazırdı: “Üzeyirlə görüşdüyüm, söhbət etdiyim, onun portretlərini yaratdığım günlər həyatımın ən əziz xatirələridir... Üzeyirin mənə bağışladığı fotonu göz bəbəyi kimi qoruyuram. Onun portretini işlədiyim günlərdə tənəffüsarası müğənni və solistlər tez-tez Üzeyir müəllimin yanına məsləhətə gələrdilər. Fikrət Əmirovu, Niyazini, Soltan Hacıbəyovu, Süleyman Ələsgərovu, Əşrəf Abbasovu, Hacı Xanməmmədovu mən ilk dəfə Üzeyir müəllimin yanında görmüşdüm. Böyük bəstəkarımız öz tələbələrinə ata məhəbbəti ilə yanaşır, diqqətlə dinləyir və onlara qayğıkeşlik göstərirdi. Gənc bəstəkar xanımları – Ağabacını, Ədiləni, Şəfiqəni doğma qızları kimi sevirdi...”.

Fırça ustasının yaradıcılığında xarici ölkə mövzuları da geniş yer tuturdu. Müxtəlif illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və digər ölkələrə etdiyi səfərlərdən sonra bütün təəssüratlarını kətan üzərinə köçürürdü. Onun bu rəsmlər silsiləsində “Benqal qızları”, “Racəstan qadınları”, “Qoşa əfqan” kimi əsərləri milli və fərdi xarakteristikası, plastikası, kolorit zənginliyi ilə seçilirdi. Əsasən tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayev portretlər qalereyası da yaradıb. “Ü.Hacıbəyli”, “Səməd Vurğun”, “M.F.Axundzadə”, “M.P.Vaqif”, “İmadəddin Nəsimi” və s. portretlərində rəssam təsvir etdiyi şəxsiyyətlərin daxili aləminə nüfuz etməyi ustalıqla bacarıb.

Mikayıl Abdullayev həm də bir sıra kitablara çəkdiyi illüstrasiyaların müəllifi kimi tanınıb. Azərbaycan rəssamları arasında ikinci bir fırça ustası tapılmaz ki, o öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm tellərlə bağlı olsun. Dahi Nizamidən başlayaraq ömrünün sonuna kimi tanıdığı yazıçı və nasirlərə qədər bir çox sənətkarların həm portretlərini yaradıb, həm də onların əsərlərinə illüstrasiyalar çəkib. “Kitabi-Dədə Qorqud” dastanına, Nizaminin “Xəmsə”sinə, Füzulinin “Leyli və Məcnun” poemasına, Mirzə İbrahimovun “Gələcək gün”, Süleyman Rəhimovun “Şamo” romanlarına və s. verdiyi bədii tərtibat, işlədiyi rəsmlər həm əsərlərin mövzusuna uyğunluğu, həm də orijinallığı ilə fərqlənirdi.

1963-cü ildə SSRİ Xalq rəssamı fəxri adına layiq görülən sənətkarın əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və başqa şəhərlərdə nümayiş etdirilib. Berlin və Leypsiq şəhərlərində fərdi sərgisi də keçirilib. Mikayıl Abdullayev Avropa rəssamlarının dəyər verdiyi, qiymətləndirdiyi sənətkar idi. 1970-ci ildə rəssam Hindistan mövzusunda silsilə əsərlərinə görə bu ölkənin  beynəlxalq  Cəvahirləl Nehru mükafatı ilə təltif olunub.

Mikayıl Abdullayev doğma vətənini də qarış-qarış gəzməyi çox sevərdi. Onun cənub bölgəsinə olan səfərindən yadigar qalan əsərləri rəng çalarının əlvanlığı ilə diqqət çəkir. “Masallı süitası”, “Balaca çoban”, “Məktəbli qızlar” və s. tabloları o qədər maraqlı və baxımlı idi ki, onlardan biri – “Sevinc” lövhəsi 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya sərgisində gümüş medala layiq görülüb.

O dövrdə azərbaycanlı rəssamın yurdumuzun bir bölgəsi ilə əlaqədar işlədiyi əsərin dünya arenasına çıxarılması böyük hadisə idi. Rəssam “Azərbaycan çöllərində”, “Masallı qızları”, “Lənkəranlı qız”, “Çəltik becərənlər”, “Tarlada”, “Abşeronda”, “Xaçmaz qızları”, “Qarabağlı qızlar”, “Astarada çay yığımı” və s. əsərlərində Azərbaycan qadınlarının əməksevərliyini inandırıcı boyalarla əks etdirib. O, hər görüşdən, söhbətdən bir mövzu tapardı. Elə buna görə də onun rəsmləri təbii və canlı idi. Bu əsərlərdə dinamiklik, kolorit diqqət çəkir. 1974-cü ildə sənətkara Azərbaycan SSR-nin Dövlət mükafatı da məhz bu tablolara görə verilib. 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın ən yüksək dövlət təltifinə – “İstiqlal” ordeninə ilk layiq görülənlərdən biri də Mikayıl Abdullayev olub.

...Hər gün Bakı metrosunun “Nizami” stansiyasından keçən minlərlə insan interyerin tərtibatındakı gözəlliyi heyrətlə seyr edir. Mozaika sənətinin ən gözəl nümunələri kimi bu rəsmlər bizə bir daha onların müəllifini – Mikayıl Abdullayevi minnətdarlıqla xatırlamağımıza vəsilə olur.