Artıq avqust ayı da sona çatmaq üzrədir. Teatrlarda yeni mövsümün açılışına sayılı günlər qalıb. Sözsüz ki, sentyabrın 1-dən yenidən qaynar həyatlarına qayıdacaq teatrlar repertuarlarındakı tamaşalarla yanaşı, yeni səhnə nümunələri də hazırlayacaqlar. Bunu yaxın gələcək göstərəcək...
Amma müəyyən cari problemlərlə yola saldığımız mövsümdə də bir neçə teatr tamaşaçıları ilə premyerayla sağollaşmışdı. Bu sıraya Dövlət Pantomima Teatrını da daxil etmək olar. Mimçilərin təqdimatında susaraq üsyan edənləri susa-susa susduran “İblis”ə baxdıq. Ötən mövsümün yaddaqalan premyeralarından biri, yəqin ki, yeni mövsümdə repertuarda yerini möhkəmlədəcək...
Əməkdar artist Bəhruz Vaqifoğlu quruluşçusu olduğu bu tamaşanı Hüseyn Cavidin “İblis” pyesi üzərində hazırlamışdı. Jest və mimlərin “İblis”inin aktyorları Elnur Paşa, Solmaz Bədəlova, Nuridə Musabəyli, Elnur Rzayev, Elxan Şahalıyev, Elmin Qiyaslı, Səbirə Həsənova, Cavad Nuriyev, Jalə Novruz, Səbinə Hacıyeva, İblisin ifaçısı isə Nurlan Rüstəmov idi. Səhnə işinin quruluşçu rəssamı Xəyyam Səmədov, xoreoqrafik həll rəssamı isə Əməkdar artist Səbinə Hacıyeva idi.
Əvvəldən onu deyim ki, teatrın bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadənin də dediyi kimi, bu, eksperimentdir və aktyorların özlərini rejissor kimi sınaması üçün əla fürsətdir.
Bu mənada aktyor kimi pantomima səhnəsində bəyənərək izlədiyim, rejissor təlimatlarını canı-dildən, ustalıqla tamaşaçı ilə bölüşən Bəhruz Vaqifoğlunun rejissor debütünü alqışlamaq lazımdır. Bu, öz yerində. Hə, onu da deyim ki, səhnədə tamaşaçı ilə tamaşa olunanlar birləşib klassik “İblis”i, yəni böyük Hüseyn Cavidin cəsarətlə dramaturgiya mövzusu etdiyi “Cümlə xəyanətlərə bais” İblisi axtarsalar da, quruluşçu romantizm cərəyanı ilə postdramatik teatrın sintezində çağdaş izləyicinin performans kimi dəyərləndirdiyi oyunu ayırd etməyə çalışdı. Ən azı bunu hiss etdirməyə cəhd göstərdi.
Tamaşa ümumən bir növ itirə-itirə tapmaq, axtara-axtara itmək kimi hissin hakimiyyətində keçdi. İnanmayacaqsınız, nəticədə biz insanların içimizdə yaratdığı İblislə oyunbazlığına həm heyrətləndik, həm alqışladıq, həm də acıdıq. Bəli, acıdıq. Axı, onu özümüz yaratmışdıq. Daha doğrusu, rejissor belə təlimat vermişdi. Bu kimi bir neçə xaotik, absurd elementlərin səthi keçidini nəzərə almasaq, mimçilərin “İblis”ini son dövrlərin ən baxımlı nümunələrindən saymaq olar.
Keçək müəllifin qoyduğu məsələnin zamanın girdabında sıxılan rejissor təxəyyülündən süzülüb aktyor oyununa gəlişinə. Ondan başlayaq ki, bəşəriyyət özünü dərk edən zamandan İblisin axtarışında olub. Deyilmi? Bu zamanın prizmasından baxsaq, fikir sizə xeyli irreal, bir az da qabağa getsək, köhnə görünə bilər. Amma bəşər övladının mələklə şeytan, Tanrı ilə İblis, xeyirlə şər müqayisəsində mütləq bir seçimi, mütləq bir tapınağı olur. Demək, bir fikir, bir arqument varsa, mütləq onun əksi də var və bu mənada insan daim İblis haqqında daha çox düşünür və ondan qaçmaq üçün son anda Tanrıya sığınır.
Bəhruzun “İblis”i bu mənada biz insanların saxta tanrısevərliyinə, itaətdən müqəddəsliyə dartındığına işarə məqamında da maraqlı idi. Sadə, çəlimsiz, günahsız, hətta dünyadan bixəbər insan. Kimsənin qəlbini qırmayan, heç bir yetimin haqqına girməyən qanadsız mələk. Nə oldu? Biz insanlar nə etdik? Təbii ki, qanadlarını qıra-qıra, yaxşı hisslərini cırmaqlaya-cırmaqlaya ondan İblis yaratdıq. Sonra gah sitayiş etdik, gah üsyan qaldırdıq, gah da imtina etməyə can atdıq. Axırda da cümlə cinayətlərə bais İblisə toplum olaraq uduzduq. Bağrımız çatlasa da, üz-gözümüz ona öyrəşib deyə əlimizi-qolumuzu sallayaraq dizinin dibində oturduq...
Ədəbiyyatda, bədii fikirdə İblis obrazı və onun teatr səhnələrinə keçidi yeni deyil. Cavidin “İblis”i də bir çox rejissorların fərqli quruluş və üslublarında yozumunu tapıb. Təbii ki, hər birində də rejissorlar öz dəst-xətlərini qoymağa çalışıblar. Bəhruzun quruluşunu onlardan fərqləndirən cəhət isə ittiham və bəraətin tərəzinin eyni gözündə qoyulmasında, daha doğrusu, İblis ilə insanın mübarizəsində İblisə bəraətdə, bir növ, “İnsanlığın şah əsəri İblisdir, amma bunu inkar edir” yanaşmasında idi və bu mənada onu yetəri qədər cəsarətli hesab etmək olar. Yəni, ey dili-qafil, mələk də, İblis də sənsən və yalnız sənə lazım olanda onların oyuncağı oyununu oynayırsan. Nəticə olaraq rejissor dünən müəllifin yazdığı ilə bu gün özünün gördüyü dünya və dünyalılarla məkansız İblis arasında rabitə yaradır.
Mənə elə gəldi ki, rejissor onu əhatə edən ətraf aləm, rastlaşdığı, bəlkə də dönə-dönə yaşadığı, gördüyü, qarşı-qarşıya gəlib mübarizə apardığı iblislərin, mələk donlu iblislərin hamısını birdəfəlik təhtəlşüurundan silmək üçün qurub bu tamaşanı. Buna nail olubmu? Bax, məhz bu açıq qalan suallardan biridir.
Tamaşa dinamikası ilə baxımlı idi. Müqayisə bəlkə də uğursuz olacaq, amma bəzən mənə elə gəldi ki, rejissor qəsdən tamaşaçısını yaz yağışı ilə aldadıb, doluya “tutdu”. Tamaşanın əvvəlində təqdim olunan xaotik kütləvi səhnələr, xeyirlə şərin ənənəvi qarşılaşmasını ehtiva edən rəmzlərin əvəzlənməsi, xüsusən bu rakursda qadının silah, bəzi məqamlarda yırtıcının pəncəsi arasında parçalanan qurban kimi göstərilməsi müəyyən sosial çağırış kimi də qəbul oluna bilər. Biz bu mənada bəzi məqamlarda “Qadın cazibəsinin qurbanına çevrilməyən kişi yoxdur” təyinindən “Bəşəriyyətin ən böyük məsumiyyəti saf sevgidir və insanlıq ondan çoxdan imtina edib” düşüncəsinə qədər xeyli dolanbaclardan keçib gəlirik. Amma insafən, rejissor bizi azdırmır və mənzilbaşına eyni vəziyyətdə çatırıq: o da yorğun, biz də, o da uduzmuş, biz də, o da təslim, biz də...
Tamaşanın ən yaddaqalan, məncə, ən gözəl məqamı rəngi idi. Qara, qırmızı, bəyaz rəngi və onun doğru təyinatlarla verilməsi. Ümumən boz dünyada mütləq işıq axtarışı və bir gün bütün qaranlıqların günəşin şəfəqlərində aydınlanacağına kiçicik də olsa, yaranan ümid tamaşanın başdan-başa ruhunda var idi və məhz bu ruh rejissorun fərqli quruluş fəndləri ilə özünün uğurlu izharını verirdi.
Qeyd etdiyim kimi, tamaşa çox dinamik, fərqli rəmzlərlə zəngin, rabitəli keçidlər, tapıntı sayılacaq bağlantılarla dolu idi. Bir saatdan artıq müddətdə yalnız iki keçid-fasilə görən tamaşaçı eyni heyətin dayanmadan, özü də yalnız yüksək tempə hesablanmış oyununu gördü. Aktyorlarının bir-birləri ilə təmasını yaxşı bilən, hər birinin tərəf-müqabil kimi potensialına vaqif olan Bəhruz bunu ustalıqla sistemləşdirmişdi.
Aktyor oyunu barədə özüm qəsdən ayrı-ayrılıqda təhlillər aparmadım. Xüsusən Nurlanın İblisini fərqləndirmədim. Çünki onun uğurunda, baxımlı, maraqlı və dolğun alınmasında rejissordan, lap elə onun özündən də çox tərəf-müqabillərinin əməyi var idi. Xüsusən də İblisə fəda kürsüsündə ən uzun müqavimət göstərən qadınların. Mənə elə gəldi ki, “İblis”in qadınları daha harmonik, daha cazibədar və daha dinamik oyuna nail oldular. Hətta bəzi məqamlarda bunun məhz rejissor tərəfindən sistematik olaraq belə qurulduğunu düşündüm. Amma bütün hallarda səhnə əsərinin görünən, dəqiq ifadə etsəm, vizuallıq baxımından tamaşaçının görüş məsafəsinə ən yaxın düzülənləri qadınlar idi və onların tempi bu qeyri-ixtiyari qanunauyğunluğun heç də əbəs olmadığını deyirdi.
Tamaşanın musiqi həlli, keçidlərin xarakterinə uyğun düzülüşü və onların effektivliyi üçün dramaturji tamamlanma da yaxşı düşünülmüşdü. Amma bu sözləri işıq həlli barədə demək çətindir. Xüsusən məhdud məkanda və dekorasiyalar içərisində aktyorlar üzərində qurulan işıqlar onları əvvəldən sonadək kölgələri ilə baş-başa qoydu və bu da ümumi ovqata, sözsüz ki, mənfi təsir göstərdi.
Həmidə Nizamiqızı